Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən 3 il ötür.
2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alınıb. Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil olub. Ermənistanın 100-dən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilib.
Bu döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə ucalıblar.
Eyni zamanda, ermənilərin atdığı mərminin Tovuzun Ağdam kəndində evlərdən birinə düşməsi nəticəsində mülki şəxs, 76 yaşlı ev sahibi Əziz Əzizov da şəhid olub.
Bundan başqa, ermənilərin artilleriya və minaatan zərbələri nəticəsində Tovuz rayonunun Ermənistanla sərhəd olan bir neçə kəndində evlərə, inzibati binalara, mülki obyektlərə, məktəblərə ciddi ziyan dəyib.

Böyük qələbənin müjdəçisi olan Tovuz döyüşləri haqda Milli Məclisin deputatı Musa Qasımlı AZXEBER.COM-a danışıb.
Deputat bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu ərazisindən keçən hissəsində 3 il əvvəl Ermənistanın törətdiyi hərbi təxribatın konkret məqsədləri var idi:
"Ermənistan rəhbərliyi işğal altında saxladığı torpaqlarımızdan diqqəti yayındırmaq, işğalı oldu-bitti kimi qələmə vermək, sərhəddə münaqişə törədərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələrini oraya yerləşdirmək niyəti güdürdü. Eyni zamanda həmin ərazidən və ona yaxın yerlərdən bizim Bakı-Tiblisi-Ceyhan əsas ixracı neft, Bakı-Tiblisi-Ərzurum qaz, Böyük İpək yolu, Bakı-Tiblisi-Kars dəmiryolu keçirdi. Ermənistan həmin əraziləri nəzarətə götürməklə, Azərbaycanın qərbə çıxışının qarşısını kəsməyə çalışırdı.
Ancaq Ermənistan istəyinə nail olmadı, yerində oturuldu. Doğrudur, yüksək rütbəli hərbiçilərimiz, əsgərlərimiz qəhrəmancasına həlak oldu. Ancaq Ermənistana ağır zərbə endirildi. Göstərildi ki, Azərbaycan dövləti ərazilərinin işğal altında qalması ilə qətiyyən barışmayacaq. Həqiqətən də, bir müddət sonra Azərbaycan xalqı, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində düşməni əzdi. İşğal altında olan torpaqlarımızı azad etdi. Ona görə də Tovuz döyüşləri Azərbaycan hər tarixinin önəmli səhifələrindən biridir”.

Tovuz döyüşlərinin əhəmiyyəti ilə bağlı ehtiyatda olan polkovnik Şair Ramaldanov AZXEBER.COM-a açıqlama verib.
O bildirib ki, Tovuz döyüşlərinin Vətən Müharibəsindəki əhəmiyyətinin səbəbi Tovuzun strateji ərazidə yerləşməsidir:
"Beynəlxalq enerji ,dəmir yolu kəmərləri bu ərazidən keçir. Bu istiqamət həmişə düşmən tərəfindən diqqət mərkəzində olub. Həm də təbii ki, Azərbaycan dövlətinin bu istiqamətdə maraqları olub.
Tovuz döyüşləri ərəfəsindəki hadisələr göstərdi ki, düşmən getdikcə daha da həyasızlaşır. Heç bir konstruktiv mövqe tutmaq istəmir. Bunun əksinə işğalçı niyyətini açıq şəkildə söyləməyə başlayır.
İyul hadisələri, aprel hadisələrindən sonra Azərbaycan Ordusunun bir daha nəyə qadir olduğunu və bütün istiqamətlərdə təxribatlara adekvat cavab verə biləcək gücdə olduğunu göstərdi.
Tovuz hadisələri həm də Azərbaycan cəmiyyətini ayağa qaldırdı. Xalq Ali Baş Komandanın yanında bir yumruq kimi birləşərək, iradəsini ortaya qoydu. İyul hadisələri Azərbaycanı qələbəyə aparan yol oldu”.
Hərbi ekspert vurğulayıb ki, Azərbaycan təkcə döyüş meydanında deyil, diplomatiya meydanında da uğurlu gedişlər etdi:
"Azərbaycan Respublikasının Prezidenti çox ciddi siyasi qərarlər qəbul etdi. Təkcə döyüş bölgəsində deyil, siyasi meydanda da diplomatik qələbə qazandı.
Türkiyə və Pakistan kimi ölkələr yanımızda oldu, Qoşulmama Hərəkatın bizim mövqeyimizdən çıxış etdi. O vaxt bəzi böyük ölkələr Azərbaycanın bu addımdan çəkindirməyə çalışır, xəbərdarlıq xarakterli çıxışlar edirdilər. Ancaq Cənab Prezident Azərbaycanı öz maraqlarını, ərazi bütövlüyünü bərpa etmək üçün heç bir qüvvə saxlaya bilməz deyərək, əks hücüm əməliyyatının başlamasına razılıq verdi”.
Şair Ramaldanov qeyd edib ki, Ali Baş Komandan 50 ən güclü ordular sırasına çıxardığı müasir Azərbaycan Ordusuna rəhbərlik edərək, qısaca zamanda işğalçı qüvvələri darmadağın etdi:
"Azərbaycanın daxilində gedən birləşmə prosesi, diplomatiya sahəsində apardığı uğurlar, əsgərlərimizin qəhrəmanlığı, ölkə başçısının göstərdiyi şücayət Azərbaycanı şanlı qələbə çalan ölkə kimi tarixə yazdı. Hadrutun azad edilməsi Şuşaya açılan qapı olduğu kimi, Tovuz döyüşləri də Vətən Müharibəsinə, qələbəyə açılan qapı oldu. Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirərək öz gücünü, xalqa, vətənə sadiqliklə seçilən bir ordu kimi nümayiş etdirdi”.
Şəbnəm Zahir
Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən müharibəsi”ndə qazanılmış tarixi qələbə" mövzusunda dərc edilib.
