Tovuzda yanğın təhlükəli obyektlərin fəaliyyəti dayandırılıb.
Fövqəladə Hallar Nazirliyindən AZXEBEr.COM-a verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Tovuz rayonunun, Şamlıq və Alakol kəndləri ərazisində yerləşən "Valeh” MMC-yə məxsus yanacaqdoldurma köşklərində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyektlər yanğın avtomatika qurğuları ilə təmin edilməyib;
- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
- obyektlər xarici yanğınların söndürülməsi üçün su ehtiyatı ilə təmin edilməyib;
- obyektlər ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;
- obyektlərdə ildırımötürücü quraşdırılmayıb;
- obyektlər qəza işıqlandırma qurğusu ilə təmin olunmayıb;
- köçürmə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmayıb;
- obyektlərdə əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;
- obyektlərdə siqaret çəkmək üçün xüsusi yerlər ayrılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Tovuz rayonunun, Şamlıq və Alakol kəndləri ərazisində yerləşən "Valeh” MMC-yə məxsus yanacaqdoldurma köşklərinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektlərin nümayəndəsinə təqdim edilib.