Həştərxanda qaraçılar arasında kütləvi dava baş verib.
Davaya toyda gəlinin oğurlanması səbəb olub. Nəticədə toyda iştirak edən 150 nəfər arasında əlbəyaxa dava başlayıb. Aqressiv kütlə hətta polisə hücum edib, asayiş keşikçilərinə kərpic atıblar.
Hadisə çərşənbə günü, saat 20:00-da Həştərxanın Morskoy qəsəbəsində baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, orada iki qaraçı klanı münasibətlərini aydınlaşdırıb.
Hər şey ondan başlayıb ki, Azadlıq qəsəbəsinin sakini Morskoyda yaşayan sevdiyi qızı qaçırıb. Qızın valideynləri isə bu izdivacın, xüsusilə də qızın qaçırılmasının əleyhinə olub.
"Qız bir müddət əvvəl qaçırılıb, bu gün isə toy idi. Qızın qohumları toya gəlib, gizlicə onu maşına mindirib qaçırıblar", - hadisənin şahidi bildirib.
Qızın öz yaxınlarına müqavimət göstərib-göstərmədiyi bilinmir. Toya gələn qonaqlar və bəy gəlinin qaçırıldığından xəbər tutanda artıq gəlin və onu oğurlayanların avtomobil karvanı Morskoyda idi. Az sonra bəy və onun yaxınları Morskoya gəlib və qızı geri qaytarmağı tələb ediblər. Valideynləri, qonşu və dostları gəlini qaytarmaqdan imtina edib. Morskoydakı qaraçı klanı gəlin və valideynlərinin müdafiəsinə qalxıb. Nəticədə iki tərəfin adamları arasında dava düşüb. Davada 150 nəfərə yaxın adam iştirak edib. Hadisə yerinə 6 "KamAZ"la xüsusi təyinatlı polis əməkdaşları göndərilib. Yük maşınlarından əlavə hadisə yerinə 70 polis avtomobili də gəlib. Davanın iştirakçıları həbs edilərək polisə aparılıb. Onlardan birindən odlu silah götürülüb. Hazırda Morskoyda silahlı polislər növbə çəkir. Hadisə ilə bağlı araşdırma aparılır.