Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin həyata keçirdiyi "Tarix yazanlar" layihəsi şəhid baş leytenant Hüseyn Nəcəfzadəyə həsr edilir.
Hüseyn Nəcəfzadə 1997-ci il oktyabrın 11-də Abşeron rayonunun Saray qəsəbəsində anadan olub.
Hüseyn Nəcəfzadə 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Hüseyn Nəcəfzadə 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Nişanlı idi, yaşasaydı oktyabrın 11-i toyu olacaqdı.
Hüseynin atası Abasqulu Nəcəfzadə oğlunun hərbçi olmağından danışır: "Hüseyn 8-ci sinifdə oxuyanda anası ilə danışıb, ona Cəmşid Naxçıvanski adına hərbi liseydə oxumaq istədiyini bildirmişdi. Mən isə əksinə peşəsinin polis olmasını istəyirdim. Birinci dəfə sənəd toplamasına baxmayaraq gecikdi. Bundan sonra bir neçə gün ağladı, dərslərə də getmədi. Daha sonra onun hərbiyə olan marağını gördük və seçimi ilə razılaşdıq. 11-ci sinfi bitirib, yüksək balla Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil oldu. Ali məktəbi yaxşı oxudu, ilk gündən də təyinatı cəbhə bölgəsinə verildi”.
Hüseynin anası Könül Nəcəfova da oğlunun hərbçi olmaq istədiyini ilk ona dediyini bildirir: "Hüseyn anadan olanda nənəsi öz qardaşı Hüseynin adını ona qoydu. Həmişə onu "polkovnik balam” səsləyirdi. Hüseyn hər zaman özünü hərbçi kimi hiss edir, özünü elə aparırdı. Hüseyn hər zaman mənə başucalığı gətirib. 8-ci sinifdə sənəd hazırladıq, ancaq gecikdik. Ona söz verdim ki, 11-ci sinifdə sənədlərini vaxtında verəcəyik. Heydər Əliyev adına Hərbi məktəbin Siyasi işlər fakültəsinə qəbul olundu. Hər zaman tərifnamə, təşəkkürnamə ilə evə gəlirdi”.
"44 günlük Vətən Müharibəsindən sağ gəldiyi üçün qurbanlar kəsdik”.
Elçinin atası deyir: Sentyabrın 26-ı zəng etdi və dedi ki, "papa, mama bilməsin, hər şey yaxşı olacaq. Özünüzdən muğayat olun. 29-u yenidən zəng etdi və yaxşı olduğunu, Murovdağı azad etdiklərini dedi. Xeyir-dua verdim və tapşırdım ki, əsgərlərdən muğayat ol. Salamat qayıtsan, zəng elə. 2 gündən sonra zəng gəldi və hərbçi yoldaşı Hüseyni çıxarmağa getdiklərini dedi.
Hüseynin anası Könül xanım bu sözü eşidəndə hansı hissləri keçirdiyini belə ifadə edir: "Hərbçi yoldaşı zəng edib "gedirik Hüseyni çıxarmağa” deyəndə çox narahat olduq. Həmin gün Hüseynlə danışmağı səbirsizliklə gözləyirdik. Nəhayət danışdıq və əmin olduq ki, Hüseyn salamatdır. Arxadadır, danışa bilmir. Müharibə bitəndən sonra isə Hüseyn zəng edib, qələbə xəbərini verdi. Valideynlərini görmək üçün onlara bir günlük məzuniyyət verildi. Həmin gün Hüseynin ayağının altında qurbanlar kəsdik”.
Atası Hüseynin şəhid olmasından danışarkən deyir:
"Şəhid olmamışdan əvvəl zəng etdi. Dedi, papa, təminat üçün aşağı düşmüşəm, imkan varsa, 200 manat pul göndər əsgərlərə siqaret filan alacağam. Axşam maaşımız vurulacaq, qaytaracağam. Hələ zarafat da etdim ki, əvvəl qaytardıqların kimi (gülür). Mən də göndərdim. Daha sonra danışdım və bildirdi ki, papa, aldım pulu çox sağ ol. Sonra dedi ki, iki gün gözləyin, gələrəm, gedərsiniz toyu danışarsınız. Sonra nə oldusa, dedi, mamanı da götür get toyu danış. Biz də getdik".
"Balam bəylikdə deyil, tabutda bəy otağına girdi”.
Getmişdik gəlingilə toy haqda danışmağa. Sözümüzə yeni başlamışdıq ki, zəng gəldi ki, Hüseyn gəlir tez gəl. Bir ana üçün bunu eşitməyin necə bir hiss olduğunu təsəvvür edin. Mənim şəhərdən evə necə gəldiyimi Allah bilir. Saraya girib izdihamı görəndə bildim ki, oğlum yoxdur həyatda. Bütün analar kimi mənim də arzularım var idi. Hüseynin bəy evinə mebelləri gəlmişdi, ancaq tam bəzənməmişdi. Hüseyn onları canlı görməmişdi. Mən xahiş etdim ki, onu öz evinə, bəy otağına çıxarsınlar. Onun otağında vağzalı çalınsın. Çünki toyxanasına girə bilmədi o, heç olmasa, o dünyaya vağzalı ilə getsin. Toy ərəfəsində, məzuniyyətə gələn ərəfədə bu xəbəri eşitmək dəhşətli birşeydi. Bunu başına gələnlər bilir.
"Bundan sonra Hüseynin adını yaşatmaq üçün əlimdən gələni edəcəm”.
"Onu yaşatmaq üçün yarımçıq qalan evini tamamlamalıyam. Mənim ayaq üstə qalmağım, bəlkə də ona görədir. Nə qədər ki, varam onun istədiklərini edib, balama qovuşacağam".
Günel Hüseynli
Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gəncliyin Sosial İqtisadi İnkişafınya Yardım İctimai Birliyinin (GSİİYİB) təşkilatçılığıilə həyata keçirilir.