"Tramp ABŞ-nin NATO-dan çıxmasına təkbaşına qərar verə bilməz" - Türkiyəli generaldan açıqlama

"Tramp ABŞ-nin NATO-dan çıxmasına təkbaşına qərar verə bilməz" - Türkiyəli generaldan açıqlama
MANŞET
16:09 01.04.2026
356
"ABŞ-nin NATO-dan çıxması nəzəri olaraq mümkündür, lakin praktikada olduqca çətin və ciddi sistemik nəticələr doğura biləcək bir ssenaridir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında türkiyəli ehtiyatda olan general Yücel Karauz deyib. 

O bildirib ki, ABŞ-nin NATO-dan çıxma hüququ var:

"Hüquqi baxımdan NATO müqaviləsinin 13-cü maddəsinə əsasən hər bir üzv dövlət alyansdan çıxmaq üçün 1 il əvvəl xəbərdarlıq edə bilər və bu baxımdan ABŞ-nin da belə hüququ var. Bununla belə, real vəziyyətdə ABŞ daxilində hüquqi məhdudiyyətlər mövcuddur və prezident təkbaşına belə qərar verə bilməz, bu addım üçün Konqresin razılığı tələb olunur. Digər tərəfdən, NATO ABŞ üçün yalnız hərbi ittifaq deyil, həm də Avropada mövcudluğunu təmin edən əsas platforma, rəqiblərə qarşı balans mexanizmi və qlobal təsir gücünün vacib dayağıdır. Bu səbəbdən alyansdan çıxmaq ABŞ-nin geosiyasi mövqeyini zəiflədə bilər”.
 


O bildirib ki, ABŞ-nin NATO-dan çıxması ittifaq üçün şok hadisə olar:

"Əgər belə bir ssenari baş versə, bu NATO üçün ciddi sarsıntı olar, lakin bu alyansın tam dağılması demək deyil. Daha real ehtimallara NATO-nun zəifləyərək fəaliyyətini davam etdirməsi, Avropa ölkələrinin hərbi güclərini artırması və ya təşkilatın daha çox Avropa mərkəzli formata transformasiya olunması daxildir. ABŞ isə paralel olaraq daha kiçik və selektiv ittifaqlar qurmağa yönələ bilər. Bu prosesdə ən kritik məsələ NATO-nun əsas prinsipi olan kollektiv müdafiə mexanizminin zəifləməsi olar, çünki "birinə hücum hamıya hücumdur” yanaşması ABŞ-nin iştirakı olmadan əvvəlki təsir gücünü itirə bilər”.

Y.Karauz qeyd edib ki, yaxın vaxtlarda sözügedən ssenari real deyil:

"Qlobal güc balansı baxımından belə bir addım Rusiya və Çin kimi aktorların mövqelərini gücləndirə, xüsusilə Şərqi Avropa və Baltik regionunu daha həssas vəziyyətə sala bilər. Ümumi qiymətləndirməyə görə isə ABŞ-ın NATO-dan çıxma ehtimalı aşağıdır və ən real ssenari onun alyansda qalaraq Avropa ölkələrindən daha çox məsuliyyət və maliyyə yükü paylaşımı tələb etməsidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR