Hindistan və Pakistan rəsmi Vaşinqtonun vasitəçiliyilə tam atəşkəs barədə razılığa gəliblər.
AZXEBER.COM Report.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə sosial şəbəkələrdə yazıb.
"ABŞ-nin vasitəçiliyilə uzun çəkən gecə danışıqlarından sonra Hindistan və Pakistanın tam və dərhal atəşkəs barədə razılığa gəldiyini elan etməkdən məmnunam", - o qeyd edib.
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshak Dar isə öz növbəsində Hindistanla atəşkəs barədə məlumatı təsdiqləyib.
"Pakistan və Hindistan atəşkəs barədə razılığa gəliblər. Pakistan həmişə öz suverenliyi və ərazi bütövlüyünə xələl gətirmədən regionda sülh və təhlükəsizliyə çalışıb", - İ.Dar sosial şəbəkə hesabında yazıb.
Hindistan da öz növbəsində Pakistan ilə hərbi əməliyyatların dayandırılmasını və atəşkəsi təsdiqləyib.
"Hindistan və Pakistan arasında atəşkəs və hərbi əməliyyatların dayandırılması birbaşa iki ölkə arasında razılaşdırılıb", - Dehlidən vurğulayıblar.