Noyabrda ABŞ-də keçiriləcək prezidentlik seçkisi üçün Tramp Respublikaçılar Partiyasının namizədini müəyyən etmək üçün Nyu-Hempşirdə keçirilən ilkin seçkidə rəqibi Heyli məğlub etməyi bacarıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Respublikaçılar Partiyasının prezidentliyə namizədliyi üçün keçirilən ikinci ilkin seçkidə ölkənin keçmiş prezidenti Donald Tramp qalib gəlib.
Seçkilərin nəticələri açıqlandıqdan sonra etdiyi çıxışda Tramp Heylini "fırıldaqçı” adlandıraraq, "O, qalib gəlmiş kimi danışır, amma dediyini etmədi” deyib.
Nikki Heyli mübarizəni davam etdirəcəyinə işarə edib. Heyli, "Mən döyüşçüyəm. Donald Trampa qarşı yalnız biz qalmışıq" deyib.
Nəticələrdən sonra Heylinin yarışdan geri çəkilməsinə təzyiq artdıqca bütün gözlər fevralın 24-də Cənubi Karolinada keçiriləcək ilkin seçkilərə və martda keçiriləcək Super Çərşənbə axşamına çevrilib. Bu səsvermənin nəticələri respublikaçıların yeni namizədini müəyyən etməyə kömək edə bilər.
ABŞ mediası Heylinin Cənubi Karolinada iki müddətə qubernator olmasının üstünlük olduğunu yazsa da, anketlərdə onun Trampdan geri qaldığı görünür.
Respublikaçıların Ayova ştatında keçirdiyi ilk ilkin seçkilərdən sonra Florida qubernatoru Ron DeSantis, Vivek Ramasvami və Asa Hatçinson yarışdan çəkilmək qərarına gəliblər. DeSantis və Ramasvami Trampı dəstəkləməyə qərar verərkən, Hatçinson da Heylini dəstəkləyib.
Mikayıl