ABŞ-ın keçmiş prezidenti Donald Tramp dörd maddə ilə məhkəmə tərəfindən ittiham olunur.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Tramp "ABŞ-ı çaşdırmaq üçün sui-qəsd təşkil etmək”, "rəsmi təhqiqata mane olmaq üçün sui-qəsd yaratmaq”, "rəsmi araşdırmaya mane olmağa cəhd” və "seçicilərin konstitusiya hüquqlarından istifadə etməsinə mane olmaq” maddələri ilə ittiham olunub.
Trampın "2020-ci il prezident seçkilərində uduzmasına baxmayaraq hakimiyyətdə qalmaqda qərarlı” olduğu iddia edilən ittihamnamədə keçmiş prezidentin seçkilərin nəticələri ilə bağlı yalanlar yaydığı qeyd edilib.
İttihamnamədə bu iddiaların yalan olduğu və Trampın bundan xəbəri olduğu vurğulanıb.
Trampın avqustun 3-də məhkəmə qarşısına çıxacağı gözlənilir.
Tramp yerli vaxtla saat 16:41-də özünün sosial media platforması olan TruthSocial-da yazıb:
"Eşitdim ki, ağlını itirmiş Cek Smit 2024-cü ildə prezident seçkilərinə müdaxilə etmək üçün mənə qarşı növbəti saxta ittiham aktı verəcək. Onlar niyə bu qədər gözlədilər? Çünki bunu mənim seçki kampaniyamın ortasına qoymaq istəyirdilər. Bu, prokurorluq vəzifəsindən sui-istifadədir".
Xatırladaq ki, 6 yanvar 2021-ci ildə ifrat sağçı qruplar və keçmiş ABŞ prezidenti Donald Trampın tərəfdarları 3 noyabr 2020-ci il seçkilərinin nəticələrini təsdiqləmək üçün sessiyanın keçirildiyi Konqresin binasına hücum ediblər.
Qeyd edək ki, bundan əvvəl Tramp 2016-cı ildəki prezident seçkiləri zamanı bir qadına bağlama pulu ödəməkdə ittiham olunaraq Nyu-Yorkda məhkəmə qarşısına çıxıb.
Mikayıl