ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilər Konqresdə qüvvələr nisbətini dəyişə və Prezident Donald Trampın hakimiyyətinin son iki ilinə ciddi təsir göstərə bilər.
"Reuters”in məlumatına görə, hazırda Konqresin hər iki palatasında çoxluğa malik olan respublikaçılar mövqelərini itirmək təhlükəsi ilə üzləşiblər. Demokratların seçkilərdə üstünlük qazanması Tramp administrasiyasının qərarlarının həyata keçirilməsini çətinləşdirə bilər.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ-də keçiriləcək aralıq seçkilər təkcə ölkənin daxili siyasətinə deyil, dünyada gedən proseslərə də birbaşa təsir göstərə bilər:

"Son dövrlərdə Tramp administrasiyasının atdığı addımlar Respublikaçılar Partiyasının nüfuzuna ciddi zərbə vurub. Bu səbəbdən respublikaçıların aralıq seçkilərdə məğlub olma ehtimalı kifayət qədər inandırıcı görünür. Təbii ki, səsvermənin nəticələrini görmədən onların uduzacağını birmənalı şəkildə iddia etmək mümkün deyil. Ancaq müəyyən əlamətlər respublikaçıların məğlubiyyət ehtimalının yüksək olduğunu göstərir. Əgər bu baş verərsə, həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada müəyyən dəyişikliklərin yaşanması istisna deyil.
İlk növbədə, Konqresin hər iki palatasına, yəni Nümayəndələr Palatasına və Senata nəzarətin itirilməsi Tramp administrasiyasının əl-qolunun bağlanmasına yol aça bilər. Hətta Prezident Donald Trampın hakimiyyətinin son iki ilini "topal ördək” vəziyyətində keçirməsinə səbəb ola bilər. Çünki onun qəbul edəcəyi taleyüklü və önəmli qərarların Konqresdə bloklanması ehtimalı yaranacaq. Bu da Ağ Ev sahibinin faktiki olaraq öz prezident səlahiyyətlərini icra etməkdə çətinlik çəkməsi deməkdir”.
Politoloq qeyd edib ki, belə bir vəziyyət Donald Tramp üçün ciddi siyasi təhlükə yarada bilər. Onun fikrincə, seçkilərin nəticələri ABŞ-nin Yaxın Şərq siyasətinə də təsirsiz ötüşməyəcək:
"Belə bir situasiyada Tramp üçün olduqca böyük siyasi təhlükə mövcuddur. Onun bu təhlükədən yayına bilib-bilməyəcəyi cəmi bir neçə həftədən sonra aydınlaşacaq. Əgər respublikaçılar seçkiləri uduzarlarsa, Tramp administrasiyasının Yaxın Şərqdə apardığı müharibə böyük ehtimalla bloklana bilər. Yəni, müharibənin dayandırılması və ümumiyyətlə, Yaxın Şərq siyasətinin dəyişdirilməsi ilə bağlı müəyyən tələblər və yaxud parlament qətnamələri ortaya çıxa bilər”.
Elçin Xalidbəyli hesab edir ki, demokratların Konqresdə üstünlük qazanması ABŞ ilə Avropa ölkələri arasındakı münasibətlərdə də dəyişikliklərə səbəb ola bilər:
"Demokratların nəzarətinə keçəcək parlament ilk növbədə Amerika Birləşmiş Ştatlarının Avropa siyasətində dəyişiklik edilməsini tələb edə bilər. Çünki Tramp administrasiyası Avropa ölkələri ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pozmağa nail olub. Bu da demokratların siyasi kursuna qətiyyən uyğun deyil. Adətən, demokratların təmsil olunduğu hakimiyyətlərin dövründə Amerika Birləşmiş Ştatları Avropa ölkələri ilə daha sıx münasibətlər qurub və müttəfiqlik fəaliyyəti ən yüksək səviyyədə olub.
Ancaq Donald Tramp öz hakimiyyəti dövründə bu prosesi pozub və hazırda Avropa ölkələrinin mütləq əksəriyyəti Amerika Birləşmiş Ştatlarını müttəfiqdən daha çox rəqib kimi görməyə başlayıb. Yəni, bu istiqamətdə də müəyyən dəyişikliklər baş verə bilər. Belə anlaşılır ki, əgər respublikaçılar aralıq seçkiləri uduzarlarsa, Tramp administrasiyası üçün qarşıdakı iki il qara buludlar altında keçən bir dövrə çevrilə bilər”.
Şahanə Ziyad











































