ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynada nəzarət etdiyi əraziləri genişləndirdiyini və Kiyevin münaqişənin nizamlanmasına çalışmalı olduğunu bildirib.
TASS xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.
"Rusiya böyük bir maşındır. O, sadəcə irəliləməyə davam edir. Etdiyi də budur", - deyə ABŞ lideri bildirib.
Tramp Rusiyanın Ukrayna ilə münaqişənin sülh yolu ilə nizamlanmasına çalışdığını da qeyd edib. Onun sözlərinə görə, hazırda hadisələr Moskvanın istədiyi istiqamətdə inkişaf edir.
"Zelenski müharibəni bitirməyə çalışmalıdır. Əgər bunu istəmirsə, məncə, bu, onlar üçün çox pis nəticələnəcək", - deyə Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, Ukrayna xalqının hərbi əməliyyatların davam etməsinə uzun müddət dözməsi çətin olacaq və Zelenski razılaşmaya getməlidir.
"Onların eyni otaqda olmalarına ehtiyac yoxdur. Düşünürəm ki, bunu başqa yolla da təmin edə bilərlər. Bunun necə ediləcəyi mənim üçün fərq etmir", - deyə Tramp sülhə nail olmaq üçün Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin sənədləri birlikdə imzalamasının vacib olmadığını bildirib.
Tramp ABŞ administrasiyasının indiyədək Ukraynaya böyük həcmdə yardım göstərdiyini, lakin bunun əvəzində itkilərdən başqa heç nə əldə etmədiyini də iddia edib.
///oxu.az///











































