Tramp Vensin prezidentliyə namizədliyi ilə bağlı danışdı: Hələ çox tezdir

Tramp Vensin prezidentliyə namizədliyi ilə bağlı danışdı: Hələ çox tezdir
DÜNYA
08:03 21.10.2026
126
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Venslə onun 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməsi məsələsini müzakirə etmədiyini bildirib.

Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ liderindən Vensin növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyi təqdirdə onu öz varisi kimi açıq şəkildə dəstəkləməyə hazır olub-olmadığı soruşulub.

Tramp vitse-prezidenti yüksək qiymətləndirsə də, bu məsələni onunla müzakirə etmədiyini vurğulayıb.

"O, çox istedadlı və yaxşı insandır. Amma xatırladığım qədər, biz bu barədə heç vaxt danışmamışıq”, – deyə Tramp bildirib.

Jurnalistlərlə söhbət zamanı prezidentin yanında olan Vens də onun sözlərini təsdiqləyib.

Tramp 2028-ci il prezident seçkiləri barədə danışmağın hələ tez olduğunu qeyd edib. Onun sözlərinə görə, Respublikaçılar Partiyası əvvəlcə noyabrda keçiriləcək aralıq seçkilərinin nəticələrini qiymətləndirməlidir.

Qeyd edək ki, ABŞ-da aralıq seçkiləri noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın üçdəbir hissəsi, Nümayəndələr Palatasının bütün üzvləri, həmçinin 36 ştat və ərazinin qubernatorları seçiləcək.

Hazırda ABŞ Konqresinin hər iki palatasına respublikaçılar nəzarət edir.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR