Sabiq ABŞ prezidenti, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa qarşı sui-qəsd cəhdiylə əlaqədar yeni detallar üzə çıxıb.
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, bu barədə hesabatı ABŞ senatoru Ron Conson sosial media hesabında paylaşıb.
Məlumata görə, hadisə ilə bağlı bütün mümkün dəlillərin qorunub saxlanması lazım olduğu vurğulanıb və sui-qəsd cəhdinin tam şəffaflıqla araşdırılmasının vacibliyinə işarə edilib.
Paylaşılan informasiyalarda şübhəlinin mitinq sahəsindəki görüntüsü və ona aid olduğu düşünülən velosiped və çantanın fotoşəkilləri yer alıb.
Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp iyulun 13-də Pensilvaniya ştatında keçirilən mitinqdə tribunadan tərəfdarları qarşısında çıxış edərkən ona silahla hücum edilib.
Hücumda mitinqə qatılan 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Federal Təhqiqat Bürosu (FTB) hücumu sui-qəsd adlandırıb və araşdırmalardan sonra sui-qəsdə cəhd edən və hadisə yerində öldürülən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğu məlum olub.