"Tünzalə səsi batdığı üçün işarət dilində teatr yaratmaq istəyirdi" - Ülviyyə

MAQAZİN
15:13 18.02.2025
147
"Tünzalə 72 ədəd şüa qəbul etmişdi. İlk dəfə deyim ki, artıq onun səsi də batmışdı. Buna görə də işarət dilində teatr yaratmaq istəyirdi".
 
Bu sözləri AZXEBER.COM-a müsahibəsində aktrisa Ülviyyə Əliyeva bildirib.
 
Həmkarı və yaxın rəfiqəsi Tünzalə Əliyevanın ağır xəstəlik dönəmlərindən danışan aktrisa onun sənətinə olan sevgisindən danışıb:
 
"Tünzalə çox peşəkar aktrisa, mükəmməl tərəf müqabili idi. Bir-birimizi baxışımızdan anlayırdıq. O qədər sərbəst idi ki, onunla olan çəkilişlər unudulmaz xatirəyə çevrilib. Bəzən parikləri ya tərsinə qoyardı, ya rəngbərəng edərdi. Kamera qarşısına keçib onu görəndə qeyri-ixtiyari məni gülmək tuturdu, çəkiliş yarımçıq qalırdı. Əslində hər kəs onu komediya aktrisası kimi tanıyırdı, amma sağ olsun Dilarə Əliyeva ona verilişində şərait yaratdı və o dramatik monoloqu ilə əslində necə böyük aktrisa olduğunu təsdiqlədi".
 
Ülviyyə Əliyeva "Toppuş bacı"nın həyata keçməyən arzusundan da danışıb:
 
"Bilirsiniz ki, o 72 ədəd şüa almışdı. Artıq demək olar ki, tamaşalarda rol ala bilmirdi. İlk dəfə deyim ki, son zamanlarda onun səsi də batmışdı. Amma içində sənətinə o qədər böyük məhəbbəti var idi ki, teatrsız, tamaşasız qala bilmirdi. Elə hey fikirləşirdi, nə etsin ki, sənətdə qala bilsin. Bir gün mənə dedi ki, mən işarət dilində teatr yaratmaq istəyirəm. Jestlərlə tamaşalar quracağam. Çox təəssüf ki, onun bu arzusu da ürəyində qaldı. Amma sizi əmin edim ki, sağ qalsa idi, o tetarı yaradacaqdı, bundan əminəm".
 
Aysel Hacızadə
 

OXŞAR XƏBƏRLƏR