Turan Turqut Ərə açıq məktub yazdı

MARAQLI
21:10 21.12.2010
1768

 

Artıq kitabınızı əvvəldən sona qədər diqqətlə oxumuşam. Oxuya-oxuya isə nə qədər əsəb və həyəcan keçirdiyimi təsəvvür belə edə bilməzsiniz. Kitabınızda bəhs etdiyiniz vaxtlarda mənim 15-16 yaşım var idi. Orta məktəbdə oxuyurdum. Evimizdə, məktəbimizdə bir sözlə ətrafımda içində yaşadığımız hadisələrlə bağlı qızğın mübahisə və müzakirələr gedirdi. Mən də uşaq olmağıma baxmayaraq olanlara laqeyd deyildim. Ən azı ətrafımdakı, müxtəlif siyasi görüşləri olan insanlara qulaq asıb, müşahidələr aparırdım. Çox gözəl yadımdadır nələrdən danışılırdı, nələr müzakirə olunurdu. Nələrə və kimlərə böyük ümidlər bəslənlirdi. Bir sözlə deyə bilərəm, eşitdiklərim və anladıqlarım sizin kitabınızda yazdıqlarınızın tam əksi idi. Ola bilər siz iddia etdiyiniz kimi adi insanların bildiyi, gördüyü yox, daha dərin şeyləri qələmə almısınız. Amma məncə çox yersiz etmisiniz. Çünki adi insanlardan biri də mən. Şəxsən mən, mənim atam, anam, əmilərim, xalalarım, dayılarım, bibilərim bir sözlə qohum-əqrəbam, tanışlarım, hamısı o vaxtlar, sizin “azadlıq” adlandırdığınız vaxtlar çox narahat, narazı, sabaha ümidsiz və qorxu-səksəkə içində idilər. Onlar Sovetlər İttifaqının bünövrəsini meydanlarda “dinamitləyərkən” heç də içində yaşadıqları durumu arzulamamışdılar. Bunu onlardan tez-tez eşitdiyim bu fikirləri də təsdiqləyirdi : “Müstəqillik budur?, demokratiya budur? Heyif deyildi Sovet vaxtı... və s.” Bütün bu məyusluqlara, sarsıntılara məhz sizin “azadlıq” dediyiniz vəziyyət idi səbəb. Və məhz o zaman görürdüm ki, atam, anam, əmilərim, bibilərim, dayılarım və başqaları sizin “ tiranlıq” adlandırdığınız, əslində isə dövlətçiliyimiz üçün həyati lazım olan proses və islahatlara necə möhtacdırlar...
Turqut bəy, siz türk millətçisi və Azərbaycan aşiqisinizsə, çox səhv iş görüb bu kitabı yazdınız. Axı, türk millətçisi və Azərbaycan aşiqi ilk öncə növbəti türk dövlətinin, Azərbaycanın müstəqil, suveren olmasını, möhkəmlənməsini, daha çox arzulamalı idi. Buna xələl gətirə biləcək ən kiçik addım belə atmamalı idi...

Artıq sizi Türkiyədəki dostlarımdan, araşdırmalarımdan, qiyabi də olsa çox gözəl tanıyıram... Buna heç şübhə etməyin! Yazdığınız kitaba, zamanlamasına və cüzi də olsa nəticələrinə görə, sizlər demişkən teessüf ederim! Bütün bunlar azmış kimi hələ Azərbaycan gəncliyini mövcud iqtidara qarşı çıxmağa da səsləyirsiniz. Siz kimsiniz axı? Nə olsun Azərbaycanda bir müddət səfirlikdə işləmisiniz! Yox kimlərə isə, haralara isə, yenə sizlər demişkən yarınmağa çalışırsınızsa bu başqa məsələ. Elə mən də məhz onu deyirəm: Mən bütün Azərbaycan gənclərinin adından təbii ki, danışa bilmərəm, amma ən azı ətrafımda olanların və öz adımdan bunu deyə bilərəm. Biz öz dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin və bütün bunların qarantı olan ulu öndər Heydər Əliyevin mükəmməl siyasi kursunun alovlu tərəfdarlarıyıq. Bizi bu yoldan heç kim, nə döndərə bilər, nə də qərəzli təbliğatçıları ilə beynimizi qarışdıra bilər... Xahiş edirəm gücünüzün yetməyəcəyi işlərin altına girməyin! Biz azərbaycanlılar, xüsusi ilə də gənclər artıq çoxdan ayılmışıq. Ağı-qaradan seçməyi də öyrənmişik! Hətta Türkiyənin Azərbaycandakı səfirliyinin 1995-ci ildəki fəaliyyətindən də xəbərimiz var...
Turqut bəy, əgər siz doğrudan da iddia etdiyiniz kimi hamının bilmədiyi çox şeyləri bilirsinizsə, o zaman Heydər Əliyevin kim olduğunu da hamıdan yaxşı bilməlisiniz. Biz Azərbaycan türklərinə, mənə bayrağımız, gerbimiz, himnimiz, xəritəmiz qədər doğma olan bir şəxsə, belə iftiralar atmamalısınız... Biz gənclər Ulu öndərimiz Heydər Əliyevi sizin və bizim Atatürkümüz qədər çox sevirik. Bildiyim qədər siz hətta Heydər Əliyevi Atatürklə bir tutmağı belə istəmirsiniz. “Atatürk heçdən bir Türk dövləti qurub, bəs Heydər Əliyev nə edib”- deyirsiniz. Bunun üçün sonda məhz sizə cavab olaraq yazdığım, qısa zaman öncə çap olunmuş “Bir millət, iki öndər” adlı yazımı bu məktubuma əlavə edirəm. Lütfən oxuyun...
Mən Türkiyənin həm Osmanlı, həm də Cümhuriyyət dövrlərinin tarixini azdan-çoxdan bilirəm. Həmçinin “Qurtuluş savaşını” da. Bunun üçün də Mustafa Kamal Paşanın Türkiyə xalqının taleyində oynadığı rolu çox gözəl anlayıram və dərk edirəm. Mustafa Kamal daxili və xarici ünsürlərin uzunmüddətli fəaliyyətinin nəticəsi olaraq hərtərəfli çökdürülmüş, geri qalmış Osmanlı adlı imperiyanın “uçqunları altından” hüquqi, dünyəvi, modern Türkiyə Cümhuriyyətini çıxardı. Yeddi cəbhədə müharibə aparan xalqı təşkilatlandıraraq “Qurtuluş savaşını” başlatdı. Feodal təfəkkürlərdə inqilab etməyə nail oldu və sair.... Hər kəsə məlum olan, əvəzsiz xidmətlər...
Bu gün bunları kim inkar edə bilər? Kim bu böyük şəxsiyyətin tarixin yönünü dəyişən, böyük-böyük dövlətlərin planlarını alt-üst edən fəaliyyətini şübhə altına ala bilər? Əlbəttə ki, yalnız qərəzli, ən anlaşılan halda isə cahil biri!!!

Heydər Əliyev isə tarixi proseslərin və impulsiv milli azadlıq hərəkatının nəticəsində müstəqil olmuş, müstəqil olması ilə eyni zamanda həm də uzun müddət həbsxanada “yatmış”, çöl dünya ilə bütün əlaqələri kəsilmiş, azadlığa çıxdıqda isə ortalıqda qalmış xəstə, zəif adamı xatırladan duruma düşmüş bir ölkəni, şəxsi nüfuzu, əlaqələri və iradəsi ilə dövlətə çevirdi...İkinci dəfə hakimiyyətə gələn Heydər Əliyev daxili sabitlik yaratdı, işğalçı Ermənistanla sülh bağlayaraq dövlətçilik institutlarımızı qurub, güclənməsi üçün təhlükəsiz mühit formalaşdırdı. Hələ bundan sonra mövcud olub olmayacağı sual doğuran, kiçik, siyasi sistemi zəif, maliyyə resursları yox dərəcəsində olan dövlətə məhz özü, qarant olmaqla, iri dövlət və şirkətləri sərmayə qoymalarına razı saldı, inandırdı. “Əsrin müqaviləsi” adlandırılan Bakı-Tiflis- Ceyhan neft kəməri layihəsi Azərbaycanın müstəqilliyinin və həssaslıqla hazırlanmış balanslaşdırılmış siyasət kursunun qarantı oldu... Müxtəlif maraq dairələrinin ideoloji bombardmanına məruz qalmış, parçalanmış, çaş-baş salınmış xalqı Azərbaycançılıq ideyası ətrafında birləşdirdi, millət olmanın yolunu göstərdi. Heydər Əliyev nə edib? Əsində bu sualı verənin məntiqini ciddiyə alıb bu yazını yazmağın özü də bəlkə qüsurdur! Amma danışmağın lazım olduğu yerdə susmaq daha böyük qüsur olardı... Həmçinin bəzi şeyləri xatırlatmaq yaddaşı zəif olanlara, çaşdırılanlara yaxşılıqdır!
Atatürk biz azərbaycanlılara ən az Heydər Əliyev qədər doğma və əzizdir. Bunun belə olmasının özü də məhz Heydər Əliyev siyasətinin nəticəsidir. Bu səbəbdən də bu gün biz Ulu öndəri məhz Atatürklə bir tuturuq, bir tutmayanları isə qınayırıq..

.
P.S.
Mustafa Kamal hər zaman müstəqil olmuş, heç vaxt boyun əyməmiş, azadlığı üçün əmr gözləmədən özü mübarizəyə qalxmış xalqın lideri olub, Atatürk oldu. Heydər Əliyev isə çox zəif dövlətçilik ənənəsi olan, tarix boyu (qısa müddətli azadlıqları nəzərə almasaq) böyük imperiyaların təəbəsi olmuş, müstəqilliyin mənasını dərk etməmiş xalqın lideri olub, Ulu öndər oldu...
 Turan (Samir) İBRAHİMOV

OXŞAR XƏBƏRLƏR