Son dövrlərdə dünyanın müxtəlif ölkələrindən sosial şəbəkələrdə aktiv olan blogerlərin Azərbaycanla bağlı paylaşımlarının artdığı müşahidə edilir.
Bu barədə turizm eksperti Ceyhun Aşurov AZXEBER.COM-a açıqlama verib. O, qeyd edib ki:
"Xüsusilə qardaş Türkiyədən, eləcə də ABŞ və Avropa ölkələrindən gələn tanınmış şəxslərin videoları ölkəmizin turizm imkanlarının tanıdılmasına mühüm töhfə verir. Onların çəkilişlərinə milyonlarla insan baxır və bu da Azərbaycana marağı artırır.
Lakin rəsmi statistika göstərir ki, regionda mövcud gərginliklər, müharibələr, quru sərhədlərin bağlı qalması və qonşu dövlətlərdəki siyasi-iqtisadi çətinliklər səbəbindən bu yay mövsümündə ölkəmizə gələn turistlərin sayında azalma qeydə alınıb. Avqusta qədər olan göstəricilərə əsasən, əvvəlki illərlə müqayisədə turizm daha passiv keçib və ümumilikdə turist axınında 40 faizə yaxın azalma müşahidə olunub".
Ceyhun Aşurov açıqlamasında bildirib ki, 2019-cu ildə Azərbaycana 3,2 milyon əcnəbi səfər etmişdi və həmin vaxt ölkədə qonaqlar üçün kifayət qədər infrastruktur və xidmət səviyyəsi mövcud idi:
"Son beş ildə yeni otellər, ictimai iaşə obyektləri, parklar və əyləncə mərkəzləri açılıb. Buna görə də hesab edirəm ki, turistlərin sayı 2019-cu il səviyyəsinə çatsa belə, Azərbaycan turizm sənayesi buna adekvat cavab vermək imkanındadır. Burada heç bir narahatçılıq yoxdur. Əksinə, ölkəyə daha çox turist cəlb etmək üçün maksimum liberal şərait yaradılmalıdır”, – deyə ekspert vurğulayıb.
Ceyhun Aşurovun sözlərinə görə, vizaların daha da asanlaşdırılması, hava limanlarında xidmətin səmərəliliyinin artırılması və uçuş qiymətlərinin əlçatan olması Azərbaycana turist marağını gücləndirə bilər.
Oksana Orucova