Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Turizm təbliğatı strategiyası” gənc alimlərin elmi-praktiki konfransı layihəsi həyata keçirilmişdir
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin təhsil, təlim, peşə və inkişaf mərkəzi” İctimai Birliyinin,“C” kateqoriyası üzrə qrant qalibi Aslan Qasımovun birgə təşkilatçılığı ilə “Turizmin təbliğat strategiyası” mövzusunda gənclərin elmi-praktik konfransı təşkil olunmuşdur. Konfransın təşkilat komitəsinə 200-dən artıq çıxış üçün müraciət daxil olsa da yalnız 30 nəfərin çıxışı məqsədəmüvafiq hesab olunmuşdur. Konfransda AMEA, BDU, DİA, ADMİU, ATİ, Kooperasiya universitetinin tələbə və gənc alimləri, sahə mütəxəssislər fəal iştirak etmişlər.
Konfransın məqsədi gənclərdə turizm elminə marağın artırılması, inkişaf etdirilməsi, turizmin təbliğat formalarının araşdırılması, Azərbaycan turizminə gənclərin töhfələrinin verilməsi, turizmdə kadr siyasətidir. İştirakçılar Azərbaycan turizminin təbliğat formaları, daxili turizmin inkişaf istiqamətləri, beynəlxalq tədbirlərin turizmin inkişafına təsiri, suvenir məhsulları təbliğat forması kimi, turizmin marketinqi, turizmin hüquqi aspektləri, turizmdə kadr hazırlığı və s. mövzularda məruzələr etmişlər. Çıxışlar maraqla qarşılanmış, mövzular ətrafında müzakirələr aparılmış vəbu sahənin inkişafı və təbliği üçün dəyərli təkliflər irəli sürülmüşdür.
Yekunda məruzəçilər sertifikatlarla təltif olunmuşlar.