Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib.
Bu barədə AZXEBER.COM-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasda Fondun Türk dünyasında iqtisadi inteqrasiyanın gücləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Fondun fəaliyyətinin təşkili, maliyyələşdirmə imkanlarının genişləndirilməsi və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı istiqamətində görülən işlər nəzərdən keçirilib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanın tərəfdaş ölkələrlə yaratdığı ikitərəfli investisiya fondlarının təcrübəsini diqqətə çatdırıb. Türk İnvestisiya Fondunun bu fondlarla əlaqələrinin gücləndirilməsi, birgə maliyyələşdirmə mexanizmlərinin yaradılması barədə təkliflərini qeyd edib. Transsərhəd layihələrin, kiçik və orta sahibkarlığın dəstəklənməsi, ticarətin maliyyələşdirilməsi və milli valyutalarda kreditləşmənin təşviqi prioritet istiqamətlər kimi qeyd olunub. Fondun fəaliyyətində səmərəliliyin və korporativ idarəetmənin gücləndirilməsinin önəmi vurğulanıb.
İclasda Rəhbərlər Şurasına sədrliyin növbəti illik iclasın sonunadək Azərbaycana, sədr müavinliyinin isə Macarıstana həvalə olunması barədə qərar qəbul edilib.












































