AZXEBER.COM xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qonaqlar Naxçıvan şəhərinin baş meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini, sonra Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət edib.
Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. ƏÜO komandanı general-leytenant Kənan Seyidov Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel ilə görüşüb, protokola uyğun olaraq "Şərəf kitabı” imzalanıb.
Brifinq zalında ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlər barədə məlumat verilib.
Ordu generalı Metin Tokel bölgədə sabitliyin gücləndirilməsi və təhlükəsizliyin tam təmin edilməsi məqsədilə Türkiyənin daim Azərbaycanın yanında olduğunu və tarixi Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq istənilən hərbi yardımı göstərməyə hazır olduqlarını bildirib.
Ordu generalı iki ölkə arasındakı münasibətlərin strateji və hərbi tərəfdaşlıq baxımından möhkəm bir təmələ sahib olduğunu söyləyib.
Sonda birgə hərbi təlimlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılması ilə bağlı məsələlər müzakirə olunub.














































