20 gündə 21 ölkəyə yayılan meymunçiçəyi artıq Türkiyədə narahatlıq yaradıb.
AZXEBER.COM Cebhe.infoya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Koronavirus Elm Mərkəzinin üzvü olan professor Serab Şimşək Yavuz bununla bağlı açıqlamalarla gündəmə gəlib. O, Türkiyənin beynəlxalq səyahətlər üçün tranzit ölkə olduğuna diqqəti çəkərək, yoluxma baxımından yüksək risk daşıdığını deyib. Onun sözlərinə görə, virusun Türkiyədə də ortaya çıxacağı təqdirdə 4 həftəlik karantin vacib olacaq.
Türk Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Dərnəyinin başqanı olan Serab Şimşəyin sözlərinə görə, COVID-19-da yaranan son durum və dünyada narahatlıqla izlənən meyunçiçəyi vəziyyəti diqqət altında saxlamağı vacib edir:
"Dünyada koronavirusa yoluxma və ölüm sayında azalma var. Yeni ştammların yayılması, yay və ya payızda yeni dalğalara yol aça biləcəyi narahatlığı da hakimdir. Bundan sonra olunacaq peyvəndlərin müəyyən edilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatının eyniylə qrip kimi bir tədbirinin olması müzakirə mövzusudur. Yəni qrip peyvəndi necə hər il yenilənirsə, belə bir yenilənməyə COVID-19 peyvəndində də ehtiyac olub-olmadığını payıza doğru biləcəyik. Çünki indi dünyada BA.2 variantı da artıq azalır. Digər variantlar olan BA.4.5, Amerikada ortaya çıxan BA.12 variantları daha çox yoluxucu olduğu üçün daha basqındır. Onlar da peyvənd immunitetindən "qaçırlar”. Başqa sözlə, peyvənd təqvimində dəyişiklik olub-olmayacağını görəcəyik".
Meymunçiçəyi ilə bağlı da açıqlama verən professor ilk dəfə İngiltərədə 7 mayda ortaya çıxan yoluxmanın 20 gündə 21 ölkəyə yayıldığını deyib:
"Koronavirus kimi böyük pandemiya gözlənilməsə də, burada ən böyük problem virusun heyvani mənbələrdən də keçə bilməsidir. Bu isə nəzarəti çətinləşdirə bilər. 21 ölkəyə yayılması yoluxucu olduğunu göstərir. Əsl durumu hələ bilmirik. Bu, sadəcə ortaya çıxanlardır. Yəni müşahidə sistemi yaxşı olan ölkələrin nəticələridir. Əslində müəyyən ediləndən daha çox yoluxma ola bilər.
Çünki daha əvvəl koronaviruslar da bu qədər yoluxucu kimi tanınmırdı. Məsələn, SARS yayılmırdı".
Professor Türkiyədə meymunçiçəyinə rastlanmadığını, ancaq ortaya çıxarsa, nələr edilməsinin vacibliyini də bildirib:
"Türkiyədə heç görünməmiş xəstəlikdir. İlk xəstənin səpkilər tam quruyana qədər karantində qalması vacibdir. Çünki toplumda heç görünməyən bir xəstəlikdir və ilk olacaq. Xəstə müəyyən edildikdən sonra bütün səpkilər quruyacaq, qabıqlar töküləcək, çünki onlardan da yoluxma mümkündür. Bu da 2-4 həftə davam edər. Simptomlar ortaya çıxdıqdan, səpkilər başladıqdan sonra 12-18 gün arası təcrid lazımdır. Təmasda olan şəxslərdə isə simptomlar yaranmadan peyvənd edilməsi və 21 günə qədər təcriddə qalması mümkündür".