Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, noyabrın 8-də Bakıda Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Zəfər paradında iştirak etmək üçün Pakistan və Türkiyə ordusunun hərbçilərindən ibarət nümayəndə heyəti də Bakıdadır.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov AZXEBER.COM-a açıqlamasında deyib ki, hər iki ölkənin ordusunun paradda iştirakı çox təqdirəlayiqdir:
"Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində keçiriləcək Zəfər paradının 5 illiyi münasibətilə Türkiyə və Pakistan Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirak etməsi, əldə olunan zəfərin bundan sonra da üç dövlət tərəfindən qardaşlıq rəmzi olaraq qorunmasının simvoludur. Zəfər paradımıza pis niyyətlə baxanlar üçün bu, Azərbaycanın gələcəkdə hansı dövlətlərlə birgə addımlayacağına dair açıq bir mesajdır. Türkiyə Silahlı Qüvvələri NATO çərçivəsində ən önəmli və güclü ordulardan biri hesab olunur. Eyni zamanda, nüvə dövləti olan və bir sıra müharibələrdə qalib gəlmiş Pakistan ordusunun paradda iştirakı, ermənilərin xarici havadarlarına və Azərbaycanın ərazi bütövlüyünə göz dikənlərə ciddi siyasi mesaj verir”.
Ekspert deyib ki, Türk Dövlətləri Təşkilatının hərbi paradı və təlimlərinin Azərbaycanda keçirilməsi planlaşdırılır:
"Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində 2026-cı ildə keçiriləcək 12-ci zirvə görüşündə Türk Dövlətləri Təşkilatının hərbi paradı və təlimlərinin Azərbaycanda keçirilməsi planlaşdırılır. Sonrakı illərdə isə TDT-yə üzv ölkələrin müxtəlif qoşun növlərinin bu tədbirlərdə iştirakı mümkündür. Bundan əlavə, Zəfər paradında yeni alınmış, müasir standartlara cavab verən və dünya hərb tarixinin inkişaf tendensiyalarına uyğun silahlar nümayiş etdiriləcək”.
Şahanə Ziyad










































