Məlahət Abbasova: "Mən Azərbaycanda olsaydım, bu qədər işi görə bilməzdim" - MÜSAHİBƏ

MÜSAHİBƏ
16:15 14.10.2016
8087

Türkiyədə fəaliyyət göstərən əməkdar incəsənət xadimi, tanınmış aktrisa Məlahət Abbasovanın AZXEBER.COM-a geniş müsahibəsi.

- İlk səhnəyə çıxdığınız gündən məşhurlaşmağa başlamışdınız. Televiziya tamaşalarında baş rollara belə çəkilirdiniz. Ancaq bir qərar verdiniz və Türkiyəyə köçdünüz. Türkiyəyə gəlmək və yeni bir həyata başlamaq qərarını necə aldınız?

- Mən Azərbaycandan köçmək qərarını aldığım zaman sənəti birdəfəlik atmışdım. Amma hər zaman Allahın da mənim bu sənətdən getməyimi istəmədiyini bilirdim. Çünki mən bu sənət üçün yaşayırdım. Bir gün həyat yoldaşım mənə "sən aktrisasan, səhnəsiz yaşaya bilməzsən” dedi və əlimdən tutaraq məni teatra apardı. O zamanlar qaynım Kadıköy Bələdiyyəsinin sədr müavini idi. Məhz qaynımın köməkliyi ilə 1991-ci ilin oktyabrında mən İstanbul Bələdiyyəsi Şəhər teatrına getdim. Teatrın bədii rəhbəri Gencay Gürüm məni teatra götürdü və mən aktrisa kimi fəaliyyətə başladım. Hazırda isə bu teatrın bədii rəhbərinin müavini vəzifəsini daşıyıram. 7 səhnəsi, 1 açıq hava teatrı, 1000-ə yaxın çalışanı ilə Avropa və Asiyanın ən böyük teatrı olunan İstanbul Bələdiyyəsi Şəhər teatrında azərbaycanlı olaraq belə bir vəzifəni daşımaq mənim üçün çox böyük şansdır. 

 - Niyə sənəti atmaq qərarına gəldiniz? Sizi küsdürən səbəb nə idi?

- Yox, mən bu sənətdən heç vaxt küsməmişəm. Yadımdadır, "Sən həmişə mənimləsən” tamaşası o zaman çox populyar olmuşdu və mənim üçün bütün qapıları açmışdı. Bu tamaşadan sonra Akademik Milli Dram teatrında bir çox rollarda da çıxış etmişdim. Bir gün rəhmətlik Həsən Turabov mənə zəng edərək Türkiyədən qonaqların gəldiyini və onların "Sevgililərin cəhənnəmdəki vüsalı” tamaşına baxmaq istədiklərini söylədi. Əslində həmin gün başqa tamaşa nümayiş olunacaqdı. Ancaq sonra plan dəyişdi və bu tamaşanı səhnəyə qoymaq qərarına gəlmişdilər. Mən təcili teatra getdim və tamaşada oynadım. O gün həmin türk qrupunun başında Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Turan Yazqan olduğunu gördüm. Orada məşhur türk iş adamı İsmayıl Aydemiz də iştirak edirdi. Tamaşadan sonra Turan Yazqan və İsmayıl Aydemizlə bizim dostluğumuzun əsası qoyuldu. Daha sonra Turan Yazqanın dəvəti ilə 1991-ci ilin may ayında ilk dəfə teatrımız Türkiyəyə qastrol səfərinə yollandı. Biz həm İstanbulda, həm də Ankarada tamaşalar nümayiş etdirdik. Bir sözlə, "Sevgililərin cəhənnəmdəki vüsalı” tamaşası mənim həyatımı tam dəyişdi və mənim üçün yeni bir həyatın başlanğıcını qoydu. Düşünün ki o gecə əsas qoyulmalı olan tamaşa qoyulsaydı və ya mən xəstə olsaydım, həmin tamaşaya gələ bilməsəydin indi burada olmayacaqdım. Hər zaman səbəb və nəticə əlaqəsinə inanmışam. Məncə hər şeyin bir səbəbi mütləq var.

- Güclü kişinin arxasında güclü qadının dayandığını deyirlər. Sizdə isə əksinə yaşanıb...

- Bəli, yoldaşım mənim sənətimi davam etdirmək üçün əlindən gələni hər zaman edib. Mən onun haqqını ödəyə bilmərəm.

- Həyat yoldaşınızla necə tanış oldunuz?

- İsmayıl Aydemiz İstanbuldakı tamaşadan sonra bizi qonaq çağırmışdı. Yoldaşım da həmin gün orada idi. Biz tanış olduq və çox keçmədən o mənim qəlbimə girməyə nail oldu. Çox qısa zamanda biz evləndik və mən Türkiyədə qalmaq qərarını verdim.

- Həmin gecə o tamaşada oynamasaydınız Azərbaycanda qalacaqdınız. Azərbaycanda qalsaydınız indi sənətinizdə özünüzü harada görürdünüz?

- Mən bu gün Azərbaycanda olsaydım bəlkə də bu qədər işi görə bilməzdim. Bu gün mən bura sənətimlə bağlı daha çox şey etmək gücündəyəm. Və bütün işlərimdə də mütləq Azərbaycanın adı var. Ölkəm üçün hər zaman nəsə etmək üçün çalışıram. Məni tanıyanlar bunu yaxşı bilirlər.

- Sizcə, Azərbaycanda istedadlı insanların öz istedadlarını nümayiş etdirməsi üçün ideal bir şərait yoxdur?

- Xeyr, bele düşünmürəm. Sadəcə mən əgər Azərbaycanda yaşasaydım heç bir zaman rejissor ola bilməyəcəkdim. Amma burada oldum. Çünki buranın şərtləri sizi mütləq yeni bir şey öyrənməyə və onu ən yaxşı formada tədbiq etməyə məcbur edir. Əgər sizin rəqabətə davamiyyətiniz yoxdursa Türkiyədə heçnə edə bilməzsiniz. Buradan dünyaya açılırsınız. Bizim teatr vasitəsi ilə mən dünyanın hər yerindən gələn mütəxəssislərlə bir yerdə çalışmaq şansını qazandım. Əslində burada hər şey o qədər çətindir ki, siz çox çalışaraq mütləq qalibiyyət əldə edib heç bir zaman düşünmədiyiniz zirvəyə qalxa bilərsiniz.

- Siz həm də rejissorluq fəaliyyəti ilə də məşğulsunuz. Aktrisalıqla rejissorluğu yan-yana qoysaq Məlahət Abbasova daha çox hansıdır?

- Hər ikisi elə mənəm. Amma mən nə qədər rejissorluqla məşğul olsam da səhnə tozunu udmasam yaşaya bilmərəm. Mütləq bir obrazı canlandırmalıyam. Aktrisalıq mənim üçün çox önəmlidir.

- Azərbaycanda qalıb rejissor olmaq bu qədər çətin gəldi sizə?

- Bilmirəm, amma mən özümü Azərbaycanda rejissor kimi görə bilməzdim. Orada olsaydım aktrisa Məlahət olaraq qalacaqdım. O dediyim səbəblərə görə mən özümdə rejissoruğu da kəşf etdim.

- Unudulmaq qorxusu sizi nə qədər qorxudur?

- Heç bir zaman qorxutmayıb. Mən bura köçəndə sənətdə bundan sonra çalışacağım ağlıma da gəlmirdi. Həyat yoldaşım təkid etməsəydi, qayıtmayacaqdım da. Amma ailə qurandan iki ay sonra mən evin içərisində özümü həbs edilmiş hiss edirdim. Bu da unudulmaq qorxusundan irəli gəlmirdi. Sadəcə səhnə tozunu udan adam, yaradıcı insan qapalı bir mühitdə çox da özünü yaxşı hiss etmir. Və bir müddət sonra səhnə üçün sadəcə burnunun ucu göynəyir.

- Bəs sizcə kimlər unuduldu?

- Sənət adamı heç bir zaman unudulmur. Şou adamları isə əksinə bir ay efirdə olmayan kimi unudulurlar. Sənətlə şounun fərqi də bax budur. Sabun köpüyü kimi. Tez bir zamanda şişib yox olmağa bənzəyir bu. Mənim üçün mühim olan gözəl işlər görməkdir. Xalq da belə insanları heç bir zaman unutmur.

- Azərbaycan xalqı sizə niyə bu qədər dəyər verir?

- Azərbaycan xalqı dəyər bilən və dəyər verən xalqdır. Mən illərdir burdayam, amma hər zaman xalqım məni qoruyub, sevib. Baxmayaraq ki, mən Azərbaycanda efirlərdə olmuram və demək olar ki, insanlar mənim fəaliyyətimi yalnız mətbuatdan izləyə bilirlər. Ancaq buna rəğmən onların sevgisini hər Bakıya gedəndə hiss edirəm. Zaman-zaman mənimlə bağlı kimlərsə xoşagəlməz sözlər deyəndə mənim cavab verməyimə belə ehtiyac qalmır. Səmimi deyim ki, bunu dəfələrlə şahidi olmuşam. İnsanlar məni müdafiə edir, məni qaralamağa çalışanları susdururlar. Həm də bunu özləri öz təşəbbüsləri ilə edirlər. Deməli mən onların sevgisini qazanmışam. Deməli mən bu günə kimi doğru bildiyim kimi yaşamaqla həm də xalqımın başını uca etmişəm. Mən bu sənətə təmiz gəlmişəm, təmiz də yaşayıram. İnsanlarımız da bunu çox yaxşı bilirlər . Və inanın ki, bundan böyük xoşbəxtçilik ola bilməz.

- Son illər Azərbaycandan Türkiyəyə böyük bir axın var. Xüsusən də bəzi müğənnilər Türkiyə bazarına girmək üçün çoxlu pullar xərcləməyə balayıblar. Amma heç biri uğurlu olmur. Bunun səbəbini nədə görürsünüz?

- Çünki onların çoxu Türkiyənin şou dünyasına girmək istəyirlər. Burada isə qaydalar fərqlidir. Bu dünyanı nəzarətində saxlayan böyük iş adamları, yapımcılar var. Əgər onlar sənin Türkiyədə şou dünyasına daxil olub məşhurlaşmaq istədiyini bilsələr, buna imkan verməzlər. Yox əgər bir iki klip çəkdirib, Azərbaycana geri dönəcəyinə əmin olsalar, köməklik göstərərlər. Digər bir səbəb isə bizimkilərin burada xərclədiyi pullardır. Artıq Türkiyədə yapımcıların çoxu bizimkilərə böyük pulların mənbəyi kimi baxır. Məsələn, bir mahnını 3-5 minə satırlarsa, bir azərbaycanlı müğənniyə 20 minə satırlar. Bunu da bizimkilərin özləri ediblər. Burada hər gün bir müğənni klip çəkir. Buna görə ya tam fərqlilik etməlisən, ya da bir müddət sonra şou dünyasının qaydalarına uyğun olaraq unudulub gedəcəksən.

- Bildiyimiz qədəri ilə çalışdığınız teatrda ən çox Azərbaycanla bağlı əsərlərin səhnələşdirilməsinə çalışırsınız. Bu əsərlər hansılardır?

- Vətəndə olduğunuz zaman vətənpərvər olduğunuzu tam hiss edə bilməzsiniz. Xaricdə olduğunuz zaman isə, əksinə siz artıq vətəniniz üçün nəsə etməli olduğunuzu anlayırsınız. Mən də Türkiyəyə gəldikdən sonra çalışdığım teatrda ilk olaraq 1995-ci ildə Bəxtiyar Vəhabzadənin "İkinci səs” əsərini tərcümə edərək səhnələşdirmişdim. Bundan sonra Rüstəm İbrahimbəyovun "Aslanabənzər” əsəri, Anarın "Təhminə və Zaur”u, Elçinin "Qatil”, "Şekspir”, "Teleskop” əsərləri, M.F.Axundovun "Müsyo Jordan və Dərviş Məstəli Şah” əsəri, Həsən Həsənovun "Brükseldən məktublar” əsəri bədii şuramızdan keçdi. Hazırda isə Hüseyn Cavidin "İblis” əsəri üzərində çalışıram. Bilirsiniz ki, bu əsər çox çətin bir əsərdir. Amma biz artıq son tamamlanma işləri ilə məşğuluq. Tamaşanın musiqisini bizim görkəmli bəstəkarımız Aygün Səmədzadə bəstələyəcək. Məşqlərimiz önümüzdəki ay artıq başlayacaq. Bədii şuradan keçən Azərbaycan əsərlərinin teatrımıza qazandırılması İstanbul Kültür Daire Başkanı Abdurrahman Şenin və Şeher Teatrları müdürü Salih Efiloğlunun səyi nəticəsində olub. Bu tamaşadan sonra mən ölkə başçımıza və onun ailəsinə bir hədiyyə etmək fikrindəyəm. Belə ki, Mircəlal Paşayevin hər hansı bir əsərini İstanbul Bələdiyyəsi Şəhər teatrının səhnəsinə qoyacam. 

- Bizim tamaşalara maraq nə dərəcədədir?

- Çox yüksəkdir. Təsəvvür edin ki, bizim "Şekspir” tamaşamıza tamaşaçılar yer tapa bilmirdilər. Bu tamaşa 10 mükafat aldı. Aktyorlarımız da çoxlu sayda mükafatlara layiq görüldülər. Mən də bu tamaşaya görə 2015-ci ilin "Ən yaxşı rejissor”u mükafatına layiq görüldüm. Bundan başqa "Qatil” əsəri də Ukraynada keçirilən festivalda "ən yaxşı tamaşa” nominasiyası üzrə mükafata layiq görüldü.

- Ölkədən xaricə çıxan bəzi şəxslər Azərbaycanla bağlı tənqidi fikirlər səsləndirirlər. Belə insanlara münasibətiniz necədir?

- Məncə, hər kəs öz kimliyini sevməli, ona sədaqətli olmalıdır. Bu cür insanlar çoxdur və mənim onlara münasibətim birmənalı şəkildə pisdi. İnsan öz vətənini qorumalı, onu yaxşı işlərlə ətrafındakılara tanıtmalıdır. Nəyinki, onu qaralamaqla.

AZXEBER.COM

Bakı-İstanbul-Bakı

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər