Türkiyənin Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror aktı nəticəsində ölənlərin sayı getdikcə artır.
APA-nın xəbərinə görə, Türkiyənin daxili işlər naziri Müəmmər Gülər ölənlərin sayının 40-a çatdığını açıqlayıb. Yaralıların sayı təxminən 100 nəfərdir, onlardan 29-nun durumu ağırdır.
Terror aksiyaları içərisinə partlayıcı maddələr yerləşdirilmiş 2 avtomobil vasitəsilə Reyhanlının mərkəzindəki Atatürk prospektində yerləşən bələdiyyə və poçt binalarının qarşısında törədilib. Şahidlər poçt binasının olduğu ərazidə parçalanmış ən azı 10 meyit gördüklərini bildiriblər. Dağıntılar altında da meyitlərin ola biləcəyi güman edilir. Ərazidə park edilmiş 50-yə yaxın avtomobil ciddi zədələnib.
Yerli sakinlər və Türkiyə rəhbərliyi terrorun arxasında Suriyanın dayandığını düşünür. Hadisədən sonra Reyhanlı sakinləri qəsəbə yaxınlığında məskunlaşmış suriyalı qaçqınlara hücum edib, lakin polis havaya atəş açaraq onların qarşısını alıb. Hüquq-mühafizə orqanları suriyalıların qaldığı qaçqın düşərgələrinin mühafizəsini gücləndirib.
Xarici işlər naziri Əhməd Davudoğlu “kənardakı xaosu bizim ərazimizə keçirmək istəyənlər cavablarını alacaqlar”, bəyanatı ilə məhz Suriyaya işarə vurub. Baş nazir Rəcəb Tayyiob Ərdoğan kəşfiyyat orqanlarının hadisəni araşdırdığını açıqlayıb.
Xatırladaq ki, Türkiyə Suriyada Bəşər Əsəd rejimi ilə mübarizə silahlı aparan qruplara aktiv dəstək verir. Bu səbəblə Suriya rejimi ilə Türkiyə arasında xeyli vaxtdır münasibətlər kəskinləşib. Daha əvvəl Suriya ərazisindən Türkiyəyə top atəşləri də açılmışdı. Türkiyə Suriyanın ehtimal edilən raket hücumlarından qorunmaq üçün bir müddət əvvəl NATO-ya rəsmi müraciət etdikdən sonra Türkiyə ərazisində “Patriot” raket sistemləri yerləşdirilib.