Azərbaycan “Gənc Fənərbaxçalılar” Fan Clubunun rəhbəri Kamal Aliyevin müsahibəsini təqdim edirik.
-Fənərbaxçalı olmaq necə bir hissdi?
Buna tək cümlə ilə cavab versəm sadəcə onu deyərdim ki, Anlatılmaz… Yaşanır!
-Fənər üçün nələr etmisiniz və nə edirsiniz? İşlərinizdən danışardınız biraz.
Azarkeşlik etdiyin klubdan uzaqda yaşamaq öz növbəsində klubun üçün etmək istədiklərini də məhdudlaşdırır. Ancaq yenə də uzaqda yaşasaq belə əlimizdən nə gəlirsə etməyə çalışırıq. Fərdi olaraq hər kəs özlüyündə bir şeylər edib əlbətdə. Fan club olaraq 2011-ci ilin dekabrın 19-dan fəaliyyətə başladıq. Tribunalarımızın lokomativ azarkeş qrupu Gənc Fənərbaxçalılar (GFB) ilə əlaqə saxladıq və buraya GFB təmsilçiliyi açmaq üçün danışıqlar apardıq. Həmin gündən etibarən ilk olaraq Azərbaycanda, xüsusən də Bakıda olan bütün Fənərbaxçalıları bir araya toplamaq üçün çalışmalara başladıq. Çünki, belə olacağı təqdirdə azarkeşlərimiz daha təşkil olunmuş şəkildə komandamıza dəstək ola biləcəklərdi. Ancaq bununla belə fan club olaraq kəmiyyət üçün yox, keyfiyyət üçün böyüməyi də öz qarşımıza bir məqsəd qoyduq. Yəni ki,bizim üçün yüzlərlə üzvün olub, aktivliyin çox aşağı olmağındansa, otuz üzvün olub, otuzunun da aktif olmağı daha vacibdir. Fan club nizamnaməmiz var. Sadəcə həmin nizamnaməni qəbul edib,əməl edənlər üzv edilir. Ölkəmizdə sosial şəbəkələrə müraciətin çox olduğunu nəzərə alaraq, “Facebook”da müxtəlif Fənərbaxça səhifələrindən elanlar verərək azarkeşləri topladıq. Hal-hazırda da Facebookda fəaliyyət göstərən rəsmi GəncFB Azərbaycan və digər səhifələrimizdən fan club haqqında elanlar verir, tədbirlərimiz barədə azarkeşləri məlumatlandırırıq. Fan club olaraq Fənərbaxçanın voleybol komandasının Bakıya səfəri zamanı oyunlarda komandamızdan dəstəyimizi əsirgəmədik. Hətda mart ayında keçirilən CEV çempionlar liqasında komandaya sonadək dəstək olduq və Fənərbaxça voleybol komandasını İstanbula çempionlar liqası kuboku ilə yola saldıq. Futbol komandasına gəldikdə isə, üzvlərimizi hər ay hansısa bir oyun üçün İstanbula tam ödənişsiz şəkildə göndərməyə çalışırıq. Bu günədək üzvlərimiz dəfələrlə İstanbulda oyunları izləyiblər. Son zamanlarda tribunalarda GFB Azərbaycan fan club şərflərinin və Azərbaycan bayrağının görünməyi çox adamın diqqətini çəkmişdir. Üzvləri bu cür ödənişsiz göndərərkən müaliyyəni hardan təmin etdiyimizi soruşsanız əgər, fan cluba üzv olan hər kəs aylıq üzvlük haqqı ödəyir. Bu da fan clubun xüsusi fonduna yatırılır. Həmin fond vasitəsilə bu cür səfərlər təşkil olunur, pankartlar,bannerlər və.s. hazırlanır. Aylıq üzvlük haqqı da ayda minimum 5 AZN təşkil edir. Bundan əlavə Fənərbaxçanın hər oyununda Bakıdakı azarkeşləri bir araya toplayıb oyunları eyni məkanda izləyirik. Əvvəllər Əhmədli qəsəbəsində böyük bir kinoteatrda izləyirdik. Kinoteatrda sanki bir tribuna atmosferı yaradırdıq. Amma tezliklə mərkəzə yaxın, toplaşa biləcəyimiz bir yer seçib orda izləyəcik.
-Azərbaycanda Fənərbaxça azarkeşlərindən razısınız?
Əstağfurullah, heçkimin azarkeşliyini sorğulamaq həddimizə deyil. Hərkəs özlüyündə yaxşı azarkeşdi. Ancaq bizim təəssüfləndiyimiz tərəf, internetin bu qədər geniş yayıldığı ölkədə azarkeşlərimizin bəziləri hələ də çox məsələdə məlumatsızdırlar. Misal üçün, elə adamlar var Gənc Fənərbaxçalılar azarkeş qrupunu sadəcə gənc insanların təşkil etdiyini, yaşı daha yuxarı olan adamların qəbul olunmadığını düşünürlər. Xeyr. Bu heç də belə deyil. Təmsilçiliyi olduğumuz Gənc Fənərbaxçalıların tərkibində yaşı 40-dan yuxarı insanlar belə var. Azarkeşlərimiz sadəcə oyunlara baxmaqla deyil, bu tip azarkeş məsələləri ilə də maraqlansalar daha keyfiyyətli olar məncə.
-Azərbaycan Fənərbaxçalısı və Türkiyə Fənərbaxçalısı. Fərq nədədir?
Buna çox şeyi misal göstərmək olar. Ən əsası ondadır ki, Türkiyədə yaşayan Fənərbaxçalılar bizə nisbətən daha şanslıdırlar.
-Bir azarkeş olaraq bu mövsümdən razısınız?
Klubumuz liq sıralamasında 5-ci yerdədir hal-hazırda. Amma bizi çempionluqdan, kubokdan çox meydanda göstərilən əzmkar oyun maraqlandırır. Müəyyən problemlərin olduğunu biz də görürük. Amma dediyim kimi bizi çempionluqdan çox, komanda ruhu maraqlandırır. Çox şükür, biz hansısa kuboka görə azarkeş olmamışıq.
-Bəzi insanlar futbola yalnız 22 insanın bir top dalınca qaçması kimi baxır. Buna münasibətiniz necədir?
Təbii ki, hər kəsin şəxsi fikri, dünyagörüşü var. Ancaq mən bu fikirə qarşıyam. Hər şeyə o prizmadan baxsaq heç bir mənası qalmaz yaşamağın. Ən azından fikirləşirəm ki, Amerikan futboluna baxıb, normal futbola şükr etmək lazımdır.
-Ən yaxşı Fənərbaxçalı oyunçu sizcə kimdir?... və birdə Aleksin klubdan ayrılması ilə bağlı sadəcə azarkeş mövqenizi bilmək istiyərdik.
Bunun üçün bir siyahı tutsaq və keçmişə nəzər salsaq həqiqətən çox adla qarılaşarıq. Lefter, Can Bartu, Mehmetçik Basri (Basri Dirimlili), Zeki Rıza Sporel, Cemil Turan, Rıdvan Dilmen və s. Bu siyahı beləcə uzanıb gedər. Ancaq, 2000-ci illərdən baxsaq, Uche, Pierre van Hooijdonk, Luciano, Lugano, Tuncay,Gökhan Gönül, Volkan və təbii ki Aleksi misal göstərmək olar. Aleksin klubdan ayrılmasına gəldikdə isə, bu klubun formasını geyinən heç bir oyunçu Fənərbaxçadan böyük deyil. Mən düşünmürəm ki, Aleksin klubda qalmağı kluba zərər verirdi. Ancaq idarə heyyəti və məşqçilər bunu düşünüb göndərdilərsə belə, onun göndəriliş şəkli bu cür olmalı deyildi. Biz azarkeşlər olaraq Aleksin bu cür göndərilməyini heç vaxt bağışlamayacıq. Hər nə olursa olsun o bizim kapitanımız və əfsanə oyunçumuzdur.
-Digər klub azarkeşləri ilə mübahisələr çox olur və bir rəhbər kimi öhdənizə çox şey düşür. Bu zaman nə edirsiniz?
Düzdü belə hallarla çox qarşılaşırıq. Və təbii ki , bu mübahisələri sakitləşdirməyə çalışırıq. Bayaq da qeyd etdiyim kimi Fənərbaxçanın oyunlarına əvvəllər bir kinoteatrda baxırdıq. GS və BJK ilə oyunlar zamanı həmin kinoteatra rəqib klubun azarkeşləri də gəlirdilər oyunu izləmək üçün. Rəqib azarkeşlərin əsəs qrupları ilə yaxın dostluq münasibətimiz olsa da yenə də oyun həyəcanı,stresi və əsas qrupdan olmayan,qıraqdan gələnlərin hesabına çox vaxt mübahisələr yaranırdı. Bu zaman həm biz, həm qarşı tərəfin rəhbər heyyəti vəziyyəti ələ almağa çalışırıq. Son zamanlar mübahisələr daha çox sosial şəbəkələrdə olur. Çox təəssüf ki, bəziləri monitor arxasına keçdiyi zaman özlərini yeddi başlı div zənn edirlər. Bu da öz növbəsində problemlərin,söz-söhbətlərin yaranmasına gətirib çıxardır. Belə şeylər yaxşı deyil. Azarkeş rəqabəti aparırıqsa ən birinci Azərbaycanlılığımızı unutmayaq. Tribunada, gördüyümüz işlərlə mübarizə aparaq, monitor arxasında yox.
-Qalatasaraylılarla niyə ulduzunuz barışmır?
Bunu ümumi halda demək istəməzdim. Özümdən misal versəm, ən yaxın dostlarımdan biri Qalatasaraylıdı. Eləcə də buradakı digər Qalatasaraylı azarkeşlərlə dost münasibətimiz var. Amma təbii ki söhbət 100 ildən çox bir müddəti əhatə edən əzəli rəqabətdən gedir. Belə olduğu zaman istər-istəməz bəzən problemlər yarana bilir. Amma dediyim kimi mübarizəni tribunada aparmalıyıq. Bu həm bizdə, həm də Türkiyədə belə olmalıdır. Çox təəssüf ki, bunu bacara bilmirik.
-Bu il çempionluğa onlar daha real namizəddir. Qısqanclıq varmı?
Biz Fənərbaxçalı olduğumuz gündən qısqanclığın nə olduğunu unutmuşuq. Və hələ Liqin yarısında ikən heç bir klubu real namizəd olaraq adlandırmazdım. Heç kim unutmasın ki, bəziləri bunu qəbul eləməsələr də, bu klub 17-də 16 edərək çempionluğu qazanmışdı. Ona görə də liqin son həftəsini gözləmək daha məqsədəuyğun olardı.
-2013-cü ildə GFB Azərbaycan fan clubundan nə gözləyək və GFB Azərbaycan Fənərbaxçadan nə gözləyir?
Hələ bir illik bir keçmişimiz var. Ona görə də qarşıda planlarımız, vəd etmək istədiklərimiz çoxdu. İlk növbədə GFB Azərbaycan fan clubuna məxsus bir məkan hazırlamağı planlaşdırırıq. Həmin yerdə azarkeşlərimiz asudə vaxtlarını keçirəcək, oyunları izləyə biləcək, üzvlərimiz müxtəlif endirimlərdən və kompaniyalardan yararlana biləcəklər. Bundan əlavə Fənərbaxçanın rəsmi mağazası FENERİUM barədə də tez zamanda azarkeşlərimizə xoş xəbəri verəcik. Artıq fan club olaraq klub rəhbərliyi ilə bu barədə danışılıb və razılıq alınıb. Müəyyən məsələlər qalıb ki, onlar da həll olunduğu təqdirdə artıq buradakı azarkeşlərimiz rahatlıqla FENERİUM mağazasından istədikləri kimi alış-veriş edə biləcəklər. Üzvlərimizi sadəcə İstanbulda keçirilən oyunlara deyil, Avropadakı oyunlara da göndərmək istəyirik. Bu barədə də çalışmalarımız başlayıb artıq. Bakıdakı bütün azarkeşlərimizdən fan cluba üzv olub aktiflik göstərməklərini istəyərdik. Üzv olmaq üçün internet vasitəsilə fan clubun qeydiyyat şöbəsi ilə əlaqə saxlaya bilərlər. GFB Azərbaycan Fənərbaxçadan sadəcə əzmkar oyun gözləyir. İnşAllah bunu da yavaş-yavaş görəcəyik klubumuzda.
-İrəli ilə əməkdaşlıq haqqında məlumat verərdiniz?
İrəli İdman Mərkəzi ilə 2 ay əvvəl qarşılıqlı əməkdaşlıq barədə müqavilə imzaladıq. Artıq İrəli İdman Mərkəzinin üzvləri bir neçə dəfə Fənərbaxçanın İstanbulda keçirilən oyunlarında iştirak edib. Tezliklə də birgə layihələr hazırlayaraq Fənərbaxçanın təbliğatı üçün işlər görəcəyik.Qoşqar Abbas