Türkiyədə səfərdə olan Fransa prezidenti Olland Türkiyə prezidenti Abdullah Güllə görüşüb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən məlumatına görə, Abdullah Gül Fransada gündəmə gələn 1915-ci il hadisələri ilə bağlı İnkar Aktı mövzusunun görüşdə müzakirə edilib-edilməyəcəyini və Türkiyənin bu mövzudakı mövqeyinin nə olduğu sualını cavablandırıb:
İstərsə təkbətək, istərsə də heyətlər arasında "açıq və səmimi şəkildə hər şeyi danışdıqlarını" söylədiyini xatırladaraq bu mövzuların da görüşdə müzakirə ediləcəyini bildirib.
Daha sonra Gül sözlərinə belə davam edib: "Biz bilirik ki, bu münasibətlərimizə müəyyən vaxtlarda kölgə salan bir mövzu olub. Ötən əsr yaşanan hadisələrdə çəkilən ağrılar, hamımızın ortaq ağrılarıdır. O vaxt yalnız Türkiyənin erməni vətəndaşlarının deyil, Müsəlman türk vətəndaşlarının da çox böyük ağrıları olub. Balkan yarımadasından 3 milyon insan azala-azala Türkiyəyə çatıblar. O illərin ağrılarını əgər biz nəsildən-nəsilə daşımalı olsaq, bu doğru bir hərəkət olmaz. Ona görə də bu barədə edilməli olan əsas iş, tarixi araşdırmaq, daha doğrusu bunu tarixçilərin öhdəsinə buraxmaqdır. Biz bütün arxivlərimizi açmağa hazırıq və açdıq. Üçüncü bir ölkə də bu işə qoşula bilər. Ortaq tarix komissiyası bu məsələyə baxar və ancaq bu yolla məsələnin həlli tapıla bilər. Necə ki, Fransa və Əlcəzair münasibətlərində də göstərilən yol bu olub. Tək tərəfli olaraq bu məsələ həll edilə bilməz. Birlikdə həll etmək lazımdır."
Görüş zamanı Olland da 1915-il hadisələri ilə bağlı bəzi məslələrə aydınlıq gətirib.
Olland Fransanın 1915-ci il hadisələri ilə bağlı verilən suala tarixlə əlaqədar işlərin çətin olsa da, yerinə yetirilməsi lazım olduğunu söyləyib.
"Əsas sülhü, razılığı əldə etməkdir" deyən Olland "keçmişdə baş verənlərin araşdırılması, həyata keçirilənlərin tanınması ilə bağlı bir iş görülməlidir" əlavə edib.
1915-ci il hadisələri ilə bağlı danışan Olland, həmçinin bunları da qeyd edib:
"Nə edəcəyimizlə bağlı məndən bir sual soruşursunuz. Doğru olanı edəcəyik, həqiqəti araşdıracağıq və hər kəsin mövzunu başa düşməyini təmin etməyə çalışacağıq. Fransada bir qanun qiymətləndirilib və hüquqi şəkildə qəbul olunub. Bundan sonra, həm hüquq mövzusunda, həm də Avropanın bu mövzudakı qərarlarının tətbiq olunması lazımdır. Soyqırımın inkarını cinayət olduğunu göstərən bir sıra qərarlar var. Buna görə də, beynəlxalq müqavilələr çərçivəsində bu hüququn da ən yaxşı şəkildə tətbiq olunmasına çalışılacaq"