Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor”) Türkiyədən gətirilmiş 20,4 ton pomidoru ölkəyə buraxmayıb.
AZXEBER.COM bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, iyunun 4-də "Rosselxoznadzor”un Cənub Vilayətlərarası İdarəsinin mütəxəssisləri "Tuapse” dəniz limanında fitosanitar karantin nəzarəti həyata keçirib. Məhsullar ixracatçı ölkənin bitki karantini və mühafizəsi üzrə milli təşkilatının verdiyi fitosanitar sertifikatlarla müşayiət olunub.
Yoxlama zamanı pomidor partiyalarında tərəvəz bitkiləri üçün karantin əhəmiyyətli zərərverici olan Cənubi Amerika güvəsi (Tuta absoluta) aşkar edilib. Zərərvericinin canlı vəziyyətdə olması "VNIİKR” Federal Dövlət Büdcəli Elmi Müəssisəsinin "Novorossiysk" filialının verdiyi karantin fitosanitar vəziyyətlə bağlı rəylə təsdiqlənib.
Zərərvericinin Rusiya ərazisində yayılmasının qarşısını almaq məqsədilə pomidor partiyasının ölkəyə buraxılmasına icazə verilməyib, zərərsizləşdirilməsinə qərar verilib.