Azərbaycan ordusunun NATO səviyyəsinə qədər yüksəlməsindən qürur duyuruq.
AZXEBER.COM xəbər verir ki, bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Yedditəpə Universitetinin professoru, hüquq, hərbi və təhlükəsizlik siyasəti üzrə mütəxəssis Mesut Hakkı Çaşın bildirib.
Ekspert bildirib ki, Azərbaycan Ordusu torpaqlarını 44 günə 30 illik işğaldan azad etməklə dünyada görünməmiş ilkə imza atıb: "Yenilənən, müasir silahlarla təmin olunan Azərbaycan Ordusu erməni mifini darmadağın edib. Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal etdiyi torpaqlarını qanı və canı ilə geri alması beynəlxalq hüquq baxımından da qanuni haqqıdır.
Bir ordunun 30 il işğal altında qalan torpaqlarını 44 gün içərisində geri qaytarması dünya tarixində görünməmiş olaydır və bu faktor Azərbaycan Ordusunun necə güclü olduğunu ortaya qoydu. Amma ən önəmlisi bir dövlətin öz torpaqlarını yeni model ordusunu qurmaqla geri qaytarması oldu. Ordu qazandığı zəfərlə erməni xülyalarını məhv elədi. Bunları öz kitabımda da yazmışam”.
M.Çaşın deyib ki, Türkiyə ilə Azərbaycan arasında olan strateji müttəfiqlik, hərbi müdafiə müqavilələri bütün maneələri aşmaq əzmindədir: "Təəssüf ki, Hindistan da, Rusiya və Fransadan sonra Ermənistana silah tədarük etməyə başladı. Amma dünyanın hansı gücü gəlirsə-gəlsin Türkiyə və Azərbaycan geri çəkilməyəcək, qorxmayacaq. Regionda Türkiyə, Pakistan və Azərbaycanın nümunəvi ittifaqlarının sülh və sabitliyin təminatı olduğuna və bunun daha da güclənəcəyinə inanıram”.
Professor Azərbaycanın hərtərəfli güclənməsinin Qafqazda, xüsusilə Ermənistan və Gürcüstana da çox müsbət təsirləri olacağını vurğulayıb: "İki önəmli amil var: Bunlardan birincisi Azərbaycanın suverenliyinin təhlükəsizliyi, ikincisi də onun Qafqazda nə qədər güvənli olduğudur. Azərbaycan-Türkiyə-Gürcüstan işbirliyi Qafqaz, Avropa İttifaqı və NATO güvənliyi baxımından çox mühümdür. Azərbaycan bu günə qədər apardığı balanslı siyasətlə dövlətlər arasında müasir, suveren bir dövlət olduğunu təmin etdi. Qafqazda tarixin yenidən yazılmasında əsas rol oynayan Azərbaycanın bayrağı daim müzəffər olsun”.