Əgər İran tərəfi Naxçıvanı bilərəkdən vurubsa, bu, çox böyük səhvdir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında türkiyəli siyasi şərhçi Umut Uzer bildirib.
O qeyd edib ki, indiyə qədər İran daha çox rasional davranmağa çalışırdı:
"İndiyə qədər İran daha çox rasional davranmağa çalışırdı. Lakin son hadisələr göstərir ki, bu davranış artıq həddindən artıq aqressiv xarakter alır. Müharibənin bu şəkildə genişlənməsi İranın özü üçün də ağıllı qərar sayılmaz. İranın münaqişəni Körfəz ölkələrinə qədər yayması onların çox kritik və gərgin mərhələyə çatdıqlarını göstərir”.
Ekspert deyib ki, İran Azərbaycan və Türkiyədən üzr istəməlidir:
"İranda yaşayan soydaşlarımızın mövcudluğu baxımından İran Azərbaycan üçün mühüm ölkədir. Bu səbəbdən İranın Azərbaycana qarşı belə addım atması müəyyən mənada müəmmalı görünür. Eyni zamanda İranın Türkiyəni də hədəf alması gözlənilən bir addım deyildi. Əgər baş verənlər təsadüf və ya texniki səhv nəticəsində baş veribsə, bu halda hər iki ölkədən -həm Azərbaycandan, həm də Türkiyədən rəsmi şəkildə üzr istənilməlidir. Belə hadisələr isə təbii olaraq Türkiyə və Azərbaycanı İrandan uzaqlaşdırır”.
O bildirib ki, İran özünü batmaqda olan gəmi kimi gördüyü üçün sona qədər mübaribə aparmaq istəyir:
"İran bizim yaxın qonşumuzdur, lakin eyni zamanda müəyyən mənada regional rəqibimizdir. Düzdür, İran düşmən ölkə deyil, amma rəqibdir. Məsələn, İran ABŞ və İran nümayəndə heyətləri arasında İstanbulda keçirilməsi təklif olunan danışıqları rədd edərək, əvvəlki kimi Omanda görüşlərin davam etdirilməsini üstün tutduğunu bildirmişdi. Bu addım müəyyən mənada İranın Türkiyənin regionda daha da güclənməsini istəməməsi ilə də əlaqələndirilə bilər. Türkiyə ilə İran arasında hər hansı bir müharibənin baş verməsini isə heç kim istəməz. Belə bir ssenari ilk növbədə İranın özü üçün çox böyük təhlükələr yarada bilər. Ola bilsin ki, İran hazırkı vəziyyətdə özünü sanki batmaqda olan bir gəmi kimi hiss edir və buna görə də sonadək mübarizə aparmaq strategiyasını seçir”.
Şahanə Ziyad









































