Türkiyəli millət vəkili: “Qarabağ ağrısı bizim də ağrımızdır” - FOTO

SİYASƏT
19:42 29.07.2015
1251

Milli Məclisin deputatı Qənirə Paşayeva Türkiyənin Bayburt millət vəkili Karabey Kadri Karaoğlu ilə müzakirələr aparıb.

AZXEBER.COM xəbər verir ki, Q.Paşayeva Türkiyə Böyük Millət Məclisinin Bayburtdan olan millət vəkili Karabey Kadri Karaoğlu ilə görüş zamanı son günlər terror hadisələri nəticəsində şəhid olmuş əsgər və polislərlə bağlı başsağlığını çatdırıb.

Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyən deputat getdikcə daha da gərginləşən bir bölgədə Azərbaycan-Türkiyə birliyinin daha da gücləndirilməsinin vacibliyini deyib.

Görüş zamanı Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlaması,qondarma erməni soyqırımı iddiaları ilə bağlı da geniş müzakirələr aparılıb. O, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizədə də xaricdə yaşayan insanlarımızla birlikdə səylərimizi daha da artırmalıyıq deyib.

Türkiyə Böyük Millət Məclisinə seçkilər başa çatdıqdan sonra Parlamentlərarası Dostluq Qrupları formalaşmağa başladığı zaman ilk öncə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna üzv olduğunu söyləyən K.Kadri Karaoğlu Azərbaycanı çox sevdiyini, əməkdaşlığın inkişafına böyük önəm verdiyini və öz fəaliyyəti dövründə bu istiqamətdə yorulmadan çalışaçağını bildirib:

“Azərbaycanın Qarabağ ağrısı bizim də ağrımızdır və fəaliyyətim dövründə bu məsələ bir Azərbaycanlı millət vəkili qədər mənim də diqqətimdə olacaq”.

Azərbaycana dəvəti böyük məmuniyyətlə qəbul edən K.Kadri Karaoğlu yaxın zamanlarda ölkəmizə gələcəyini deyib.

Görüşün sonunda Q.Paşayeva Türkiyəli həmkarına Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özünün müəllifi olduğu kitabları hədiyyə edib.

OXŞAR XƏBƏRLƏR