Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğan may ayında Qəza bölgəsinə səfər edəcəyini təsdiqləyib. Qırmızı Aypara Cəmiyyətinin Ankaradakı toplantısına video yayımla qoşulan baş nazir Vaşinqton səfərindən sonra Fələstin torpağına gələcəyini nəzərə çatdırıb.“İnşallah, mayın sonunda Qəzaya səfər edəcəyəm” deyə, Erdoğan video müraciətində bildirib. Erdoğan bu bəyanatı İsrailin Türkiyə gəmisinə edilən hücum zamanı 9 türk fəalın qətlinə görə mart ayında rəsmi üzrxahlıqdan sonra verib. Həmin vaxt İsrailli hərbçilərin Qəzaya səfər edən gəmidə keçirdikləri qanlı əməliyyat, Türkiyə ilə İsrail arasında yüksək səviyyəli diplomatik əlaqələrin kəsilməsi ilə yekunlaşmışdı.Rəsmi Ankara İsraillə münasibətləri bərpa etmək üçün bir sıra şərtlərin yerinə yetirilməsini, o cümlədən rəhbərliyin insidentə görə, rəsmi şəkildə üzrxahlıq etməsi, gəmidə həlak olmuş qurbanların ailələrinə kompensasiya verilməsi, və Qəzanın blokadasının qaldırılmasını tələb etmişdi.