2 noyabr tarixində Göyçay rayonunda Heydər Əliyev Mərkəzinin qarşısındaGöyçay Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi VIII Nar bayramı keçiriləcək.
Bu məqsədlə hazırda Göyçay şəhərinin mərkəzi küçələrində iməciliklər keçirilir, təmizlik-abadlıq işləri görülür. Nar bayramının keçiriləcəyi meydanın bəzədilməsi üçün xüsusi şüarlar, plakat və lövhələr hazırlanır. Bundan əlavə, rayon mədəniyyət evinin kollektivi, mahnı-rəqs qrupları, kəndirbaz, sehrbaz və idmançılar bayram tədbirinin proqramı əsasında çıxışlara hazırlaşırlar.
Bayram tədbiri zamanı rayonda nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin məhsullarından ibarət yarmarka, kəndli fermerlər tərəfindən yetişdirilən müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların sərgisi, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr və oyunlar təşkil ediləcəkdir. Tədbirdə iştirak edəcək qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanacaq nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın dadına baxacaqlar. Tədbirdə ən böyük nar nümayiş olunacaqdır.
Həmçinin“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə 50-yə yaxın “İRƏLİ” fəalı tərəfindən Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən göndərilən nar sovqatları, narla bağlı məlumatları özündə əks etdirən kataloq Azərbaycanda fəaliyyət göstərən diplomatik struktur və beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçilərinə təqdim olunub, onlara Azərbaycanın narla bağlı qədim ənənələrinə dair məlumat verilib.
Nar bayramına dövlət və hökümət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı 22 səfiri, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, yerli və xarici iş adamları, media qurumların nümayəndələri qatılacaqlar.
Bayram tədbiri Türkiyənin məşhur “Ayna” qrupu və Azərbaycanın tanınmış incəsənət ustalarının Zülfiyyə Xanbabayeva, Mənsum İbrahimov və digərlərinin çıxışları və atəşfəşanlıqla başa çatacaq.