İGİB sədri “Önce Vatan”a açıqlamasında Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın sürətli inkişafından danışıb
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının Türkiyənin gündəlik nəşr olunan və kifayət qədər populyar “Öncə Vatan” qəzetində açıqlaması dərc olunub. Birliyin mətbuat katibliyinin məlumatına görə, qəzet birlik sədrinin “Azerbaycan sabrediyor” başlıqlı açıqlamasına qəzetin əsas səhifəsində yer verib.
Qəzet “İslahatçı Gənclər” İctimai Birliyinin Azərbaycanın ən təşkilatlanmış və fəal gənclər qurumlarından biri olduğunu qeyd edərək, Azərbaycan həqiqətlərinin təbliğ olunması işində Türkiyədəki həmkarları ilə yaxından əməkdaşlıq etdiyini yazıb. Qəzetə açıqlamasında Türkiyədəki fəaliyyətlərindən bəhs edən Fərid Şahbazlı Azərbaycan Türkiyə münasibətlərinin qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib: “Biz Azərbaycan həqiqətlərinin, iki ölkə gəncləri arasında əlaqələrin daha sıxlaşdırılması üçün Türkiyənin müxtəlif QHT-ləri ilə müxtəlif layihələr icra edirik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə bütün dünyada “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası reallaşdırılır. Biz də bu kampaniyaya qoşularaq artıq iki ildir ki, İstanbulda “Xocalıya Ədalət” həftəsi keçiririk. Bundan başqa Azərbaycan tarixinin, mədəniyyətinin təbliğo üçün tədbirlər təşkil edir və təşkil olunan müxtəlif toplantılara qatılırıq.”
Fərid Şahbazlı “Önce Vatan”a açıqlamasında Azərbaycanın sürətlə inkişaf etdiyini və artıq həm siyasi , həm də iqtisadi baxımdan bölgədə və dünyada söz sahibi olan ölkəyə çevrildiyini qeyd edib. İGİB sədri bildirib ki, Cənab Prezident İlham Əliyevin reallaşdırdığı uğurlu siyasət Azərbaycanı dünyanın siyasi güc və mədəniyyət mərkəzlərindən birinə çevirib: “Azərbaycan sürətli inkişaf yolundadır, ölkəmizdəki yeniliklərin sürətini təqib etmək çox çətindir. Bir gənc kimi deyə bilərəm ki, Azərbaycandakı dövlət gənclər siyasəti bütün dünyaya nümunə olacaq səviyyədədir. Bunu bütün xarici qonaqlar və ekspertlər də təsdiqləyir “.
Fərid Şahbazlı qəzetə açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Praqa sammitindəki çıxışına da toxunub. O, Prezidentin sammitdə Türkiyəyə yönəlik tənqidlərə cavab olaraq “Burada Türkiyə yox, amma mən varam” cavabını xatırladaraq, dövlət başçısının bu açıqlama ilə qardaş ölkə olan Türkiyəyə tam dəstəyini ifadə etdiyini qeyd edib: “Cənab Prezident AŞPA-nın son sessiyasında da tarixi çıxış edərək, Qarabağ və digər Azərbaycan həqiqətləri bağlı dünayaya konkret mesajlar verdi. Prezident BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı dörd qətnaməsinin hələ də icra olunmadığını xatırladaraq, digər nümunələrdə isə bu qərarların dərhal icra olunduğunu söylədi. Şübhəsiz ki, bu Azərbaycana qarşı ikili standartlardır”.
Qəzetə açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin hər ötən gün gücləndiyini bildirən Fərid Şahbazlı, Azərbaycanın hər zaman işğal altındakı torpaqlarını geri qaytarmağa hazır olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın sadəcə beynəlxalq hüquqa hörmət əlaməti olaraq, səbr etdiyini və danışıqların sonunu gözlədiyini sözlərinə əlavə edib.