TRT 1 kanalının sevilən seriallarından "Zəngin qız, fakir oğlan" ssenarisinə Azərbaycan da daxil edib. Serialın bir bölümü önümüzdəki həftələrdə Bakıda çəkiləcək.
TRT-nin Bakı təmsilçisi Yüksəl DəyərcanınAPA-ya verdiyi məlumata görə, keçən həftə Azərbaycanın iki aktyoru seriala qonaq olub. Sənubər İsgəndərli və Əzizağa Əzizov "Zəngin kız, fakir oğlan"ın 36-cı seriyasına çəkiliblər. Yüksəl Dəyərcan azərbaycanlı aktyorların oynadığı hissənin mayın 16-da, Bakı vaxtıyla saat 21:50-də nümayiş etdiriləcəyini bildirib.
Serialı çəkən "MinT Prodüksiyon" şirkətindən isə bu addımın bir millət-iki dövlət olan Türkiyə və Azərbaycan xalqları arasında körpüyə bir töhfə vermək məqsədi daşıdığı bildirilib. Bundan əlavə, serialın bəzi hissələri də Azərbaycanda çəkiləcək. Bunun üçün "Zəngin kız, fakir oğlan"ın yaradıcı heyəti may ayı içərisində Azərbaycana səfər etməyi planlaşdırır.
Xatırladaq ki, daha əvvəl TRT-nin məşhur "Avrupa Avrupa" serialının bir hissəsi də Azərbaycanda çəkilmişdi. Ötən həftə Bakıda səfərdə olan TRT-nin baş direktoru İbrahim Şahin serialın bir hissəsinin Azərbaycanda çəkilməsinin kifayət etmədiyini söyləyib, "Mən bu çəkilişlərə serialda daha çox yer verilməsini istəyirdim" deyib.