TV-də xəbərimizi necə yerləşdirə bilmədik... (KÖŞƏ)

TV-də xəbərimizi necə yerləşdirə bilmədik... (KÖŞƏ)
KÖŞƏ
21:39 19.09.2011
2324
Gözümüzə əyri bir zad dəyən kimi əl atırıq qələmə. Bizi qınamayın, qələm əhliyik də...

Zəmanə elə gətirdi ki, yeni bir qəzetə ehtiyac yarandı. Biz də, eləmə tənbəllik, köynəyimizin mürəkkəb ləkəsinə bulaşmış qollarını çırmayıb üz qoyduq qəzet buraxmağa. Biz deyərkən, yəni, Bakı Dövlət, Xəzər, Qərb Universitetlərinin Jurnalistika fakültələrinin “mənəm” deyən tələbələri. Mətbuat arxivini ələk-vələk edəndən sonra hali olduq ki, məmləkətdə bir dənə də olsun tələbə qəzeti çıxmayıb (hələ müstəqil və yeni formatlı qəzetlərin mövcudiyyətində danışmıram). Tələbəni tələbədən başqa kim yaxşı anlaya bilər? Əlqərəz, qəzeti buraxdıq. Amma elə güman etməyin ki, bu qəzeti buraxmaq bundan əvvəlki cümlə kimi qısa və mənasız oldu... çox əziyyətlər çəkdik. Hamıya maraqlıdır ki, maddi dəstəyi haradan alırıq. Mən deyim, siz də bilin. Yuxarıda sadaladığım universitetlərin adı çəkilən fakültəsində təhsil alan həmin o “mənəm” deyən tələbələrin cib xərcliyi sayəsində bu qəzet ərsəyə gəlib. Biz də yazmağa başladıq.

Qınamayın bizi, qələm əhliyik də... Gözümüzə əyri bir zad dəyən kimi əl atırıq qələmə.

Yaza-yaza düşündük ki, əgər qəzetçilik tarixində hələ belə bir iş tutan olmayıbsa deməli bu bir hadisədir. Ay başınıza dönüm, hadisə dedim yadıma bizim televiziya kanalları düşdü. Hər günün ana xəbərləri bir saat yayımlanırsa onun yarım saatı ibarət olur kriminal xəbərlərdən. Məsələn, Bakının Bayıl qəsəbəsində bir “oğul” anasının boynundan boyunbağını qapıb qaçıb. Anası da oğlunu polisə şikayət edib. Və ya Suraxanı rayonunun “V” yaşayış massivində ömr sürən bir “kişi” həyat yoldaşını və iki azyaşlı övladını “qılıncdan keçirib” və s. Düşünə-düşünə qərara gəldik ki, niyə də bu bəd-niyabəd xəbərlərin arasında bir xoş xəbər olmasın. 5-10 tələbə birləşib bir tələbə qəzeti nəşr edirlər. Özü də öz cib xərclikləri və qabiliyyətləri sayəsində. Məncə bu xəbər kifayət qədər ibrətamiz və tərbiyəvi əhəmiyyət daşıyır. Cəmi vətən gəncləri də bu xəbərə baxıb “gözlərinə su verərlər”. Elə bu minvalla bir neçə televizyonçu qardaşlarımızla əlaqəyə girdik. Bizə, müdirləri ilə danışdıqdan sonra cavab verəcəklərini dedilər. Gözlədik. Çox gözlədik. Nəticədə bəlli oldu ki, xəbər reklam xarakteri daşıyır. Düşünmədən dayana bilmədik. Görəsən o kriminal hadisələri törədən “qardaşlarımız” tv rəhbərlərinə nə qədər “reklam payı” verirlər ki, efirin yarım saatı onlara ayrılır?

Qələm əhliyik də... Gözümüzə əyir bir zad dəyən kimi əl atırıq qələmə. Qınamayın.

Bəlli olan o idi ki, bizim qəzetin xəbəri məsələsi alınmırdı. Sağ olsunlar, hələ məsləhət də gördülər ki, gedib tv rəhbərləri ilə bu xəbərin qiymətini danışaq. Açığı çox məyus olduq. Bir az da utandıq. Utandıq ki, məmləkətimizin xeyiri üçün atdığımız bu addımın xəbərini televiziya kanallarına çıxarmağa cibimizdə bir qəpik də artıq pul yoxdur. Axı hamısını qəzet nəşrinə xərcləmişik. Həyasızlıq etmək kimi olmasın, amma deyəsən “mentalitet” deyə-deyə gəzən, əslində isə reytinqi insan mənəviyyatından üstün tutan bu teleməkan rəhbərləri çörəyi qulaqlarına yeyirlər. Əziz qardaşlar axı ötən əsrin əvvəllərində rəhmətlik Mirzə Cəlil də deyib ki, “nicat-nicat” deməklə “Fatıya tuman olmaz”.

P.S. Unutmamış onu da deyim. Yenə də sağ olsun, arxasınca danışılan İTV. “Yeni gün” proqramında “STUDENT TIMES” qəzetinin nəşrə başlaması və fəaliyyəti haqqında müfəssəl məlumat verdilər. Vallah, gözlərimiz elə doldu ki, bu xəbərdən ötəri onlara bir quru təşəkkür etmək də yadımızdan çıxdı. Çox sağ olun, əziz həmkarlar.

Məmməd Ağayev, "Student Times" qəzetinin şef-redaktoru    
OXŞAR XƏBƏRLƏR