Twitter sosial şəbəkəsində Prezident Obamanı öldürəcəyi ilə hədələyən amerikalı gənc ələ keçib.
AZXEBER.COM-un məlumatına görə, bu barədə məlumatı Amerika KİV-ləri yayıb. Məlumata əsasən, Şimali Karolina ştatında yaşayan Donte Camar Sims adlı şəxs federal məhkəmə tərəfindən 6 ay həbs cəzasına məhkum edilib.Sims 2012-ci ildə Demokratlar Partiyasının Milli Konfransı keçirilən dövrdə Twitter sosial şəbəkəsində məlumat yayaraq, Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanı qətlə yetirəcəyi barədə “qəsdən və bilərəkdən hədələdiyinə görə” bu cəzaya məhkum edilib.Prezident Obama Şimali Karolina ştatının Şarlot şəhərində keçiriləcək konfransda çıxış etmək üçün oraya səfəri ərəfəsində Simsin yaydığı məlumatların məzmunu belə olub: “Prezident Obamanı qətlə yetirmək üçün sui-qəsd hazırlayıram”, “Bu axşam prezident Obamanı öldürəcəyəm” və s.Ştatın hakimiyyət orqanları bildiriblər ki, 22 yaşlı Sims həmin məlumatları Twitter sosial şəbəkəsində yayarkən marixuananın təsiri altında olduğunu etiraf edib. Müttəhim sonradan Prezident Obamaya müraciətlə öz əməlindən təəssüfləndiyini bildirib.