Sosial şəbəkənin senzura qərarı narazılıq doğurub
"Twitter" sosial şəbəkəsi rəhbərliyinin bəzi ölkələrdə hökumətin tələbi ilə saytda senzuranın tətbiq ediləcəyini açıqlaması istifadəçilərin etirazına səbəb olub. İstifadəçilər mikrobloqlar xidmətinin boykot edilməsinə çağırıblar. "Twitter" nümayəndələri isə bəyan edib ki, bundan sonra sayt administrasiyası bu və ya digər ölkədə, elə həmin ölkənin istifadəçilərin yazdığı və qanunsuz hesab ediləcək məzmunu gizlədəcək. Həmin məzmunu digər ölkələrdən olan istifadəçilər isə görə biləcəklər. Bütün dünyada jurnalistlər, bloqqerlər və aid istifadəçilər bu qərarda birbaşa senzura əlamətlərinin olduğunu hesab ediblər. Hazırda Tvitter xidmətində boykot çağırışları #Twitter Blackout teqi vasitəsilə həyata keçirilir. Mikrobloq xidməti isə bu kəskin tənqidlərə cavab olaraq bəyan edib ki, saytda tvitlər yalnız dərc olunduqdan sonra, özü də onların filtr edilməsi haqqında müraciətlər diqqətlə nəzərdən keçirildikdən sonra gizlədiləcək. Üstəlik, bu və ya digər ölkənin istifadəçiləri öz yazdıqlarının gizlədiləcəyi və bunun səbəbləri barədə əvvəlcədən məlumatlandırılacaqlar. Əgər Twitter xidməti hər hansı ölkənin hökumətinin tələbinə boyun əyməsə, xidmətin həmin ölkədə işləyən nümayəndələri həbs oluna bilər. ABŞ-ın Dövlət Departamenti isə məsələyə münasibət bildirərək bəyan edib ki, "Twitter"-in heç fəaliyyət göstərməməkdənsə, məhdudiyyətlərlə fəaliyyət göstərməsi daha yaxşıdır. "Biz bu və ya digər şirkətə diktə etmək niyyətində deyilik. Biz ümumi prinsiplər formalaşdırırıq. Bir çox şirkətlər var ki, həm öz istifadəçilərinə, həm də dünya ictimaiyyətinə qarşı şəffaf olmadan öz qərarlarını verirlər. Twitter öz işində həmişə öndə gedən olub. Düşünürəm ki, bunun nə nəticə verəcəyini gözləməliyik" - ABŞ-ın Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland belə deyib. Qeyd edək ki, "Twitter" xidmətinin baş ofisi Amerika Birləşmiş Ştatlarının San-Fransisko şəhərində yerləşir və o, 6 il ərzində dünyanın ən məşhur sosial şəbəkələrindən birinə çevrilib.