O şagirdlərinə keçdiyi dərs üsulu, onlarla keçirdiyi əyləncəli oyunlarla hər kəsin diqqətini çəkməyi bacarıb.
Həmin müsahibəni təqdim edirik:.
- İlk olaraq özünüz haqda məlumat verərdiniz...
- Mən Leyla Qarazadə 1998-ci il Lənkəran rayon Zövlə kındində anadan olmuşam. Təhsilimi Zövlə kəndində almışam. 2013-cü ildə Lənkəran Dövlət Humanitar kollecinə daxil olub,2017-ci ildə kolleci bitirmişəm. 2018-ci ildə MİQ imtahanlarında iştirak edərək, Lənkəran rayon Jidi kənd ümumorta məktəbinə ibtidai sinif müəllimi olaraq təyin olunmuşam. 4 ildir ki, orada fəaliyyət göstərirəm.
- Necə oldu müəllim olmaq qərarına gəldiniz?
- Əslində, insan müəllim olaraq doğulmalıdır. Sonradan müəllim olmağa qərar verməməlidir. Mənim seçimlərim arasında müəllim olmaq yox idi və mən düşünürdüm ki, memar və ya həkim olaram. İmtahandan sonra müəllimlik fakultəsinə daxil oldum və düşündüm ki, mən özümdən xəbərsiz müəllim olaraq doğulmuşam, bu peşə üçün yaradılmışam. Müəllim olmağımla da fəxr edirəm.
- Ucqar dağ kəndində müəllim olmağın hansı çətinlikləri var?
- Bizim kənd ucqar olduğu üçün yollarında bir az problem var. Yol problemindən dolayı şəhər-kənd arası nəqliyyat vasitələrinin olmaması bizə problem yaradır. Çünki istədiyin vaxt şəhərə, evə gəlmək olmur. Bunun üçün mütləq maşın növbəsinə yazılmalısan (gülür). Kəndin digər problemi isə sudur. Su ehtiyatı az olduğu üçün müəyyən ərazilər var ki, oradan evə su gətiririk. Ancaq mən düşünürəm ki, bu problemləri görməzdən gəlsəm və bütün diqqətimi şagirdlərimə yönəltsəm bütün neqativlər gözəgürünməz olar.
- Sizi sosial şəbəkələrdə hər kəs şagirdlərinizə "sən bu gün gözəlsən, sən necə də gözəlsən” ifadəsi ilə tanıdı. Bu cür tanınmaq necə hissdir?
- Əslində, mən fəaliyyətimə o video ilə başlamamışam. Mənə hər zaman yazırdılar ki, müəllimə öz fəaliyyətlərinizi paylaşın, bu bizdə həvəs yaradır. Yaratdığım səhifədə 100-dən çox video var. Ancaq bu videomuz daha çox maraq yaratdı. Düşünürəm ki, cəmiyyətin də sevgiyə ehtiyacı var. Mən o video ilə mesaj ötürmüşəmsə, mesaj ünvanına çatdı deyə bilərəm. Artıq hər kəs mənim şagirdlərimi tanıyır və mən bunu onlara deyirəm. Onlar isə "müəllimə Bakıdan bizi tanıyırlar?” sualını verirlər. Bakı onlar üçün əlçatmazdır (gülür).
- Şagirdlərə dərs keçmə metodunuz fərqlidir. Bunu necə bacarırsınız?
- Belə bir deyim var ki, şagird dünyasına enmək yox, qalxmaq lazımdır. O dünya fərqlidir, gözəlliklərlə doludur. Mən düşünürəm ki, o gözəlliklərə qarşılıq olaraq gözəllik verim və bunun üçün fərqli metodlara üz tuturam. Fərqli metodlara üz tutmağımın daha bir səbəbi isə ucqar kənddə olmağımızdır. Düşünürəm ki, hər zaman onların maraqlarına uyğun hərəkət etməliyik. Fərqli metodlardan istifadə etdiyim üçün onların da dərsə marağı olur. Bu onların dərsdə aktiv iştirak etməsi üçün motivasiya olur.
- Şəhər məktəbinə gəlib, bu metodları orda da tətbiq etmək istərsinizmi?
- Əlbəttə. Mən işlədiyim kənddə 4 ildir ki, müəlliməm. Düşünürəm ki, müəlimlik borcumu tamamilə yerinə yetirəndən sonra, artıq bilsəm ki, burdakı uşaqlar güvəndədir və dərs prosesi onlar üçün ürəkaçandır, mən onlara vermək istədiyim sevgi və biliyi ötürmüşəm, borcumu yerinə yetirmişəm o zaman qayğıya ehtiyacı olan digər məktəbə getmək istəyərəm. Məncə şəhər-kənd fərqi yoxdur. Çünki uşaq dünyasına nə ötürsən, onu da alacaqsan. Çalışaram ki, getdiyim hər yerdə öz üsullarımdan istifadə edim.
- Fərqli dərs metodraını necə öyrənirsiniz?
- Məktəbimiz ucqar kənddə olduğu üçün, burada əyani vəsaitlər əlçatmazdır. Axşamdan səhər keçəcəyim dərsə baxdığım zaman, çalışıram ki, şagirdlərimin bilik səviyyəsinə uyğun nəsə edim. Əgər mən bu üsulu başqa bir yerdən götürsəm, bu mənim şagirdlərimlə uyğunlaşmaya bilər. Dərs metodlarını özüm yaradıram.
- Bildiyimiz kimi, Təhsil Naziri Emin Əmrullayev sizin dərsə gəldi. Nazirin dərsinizdə iştirak etməsi necə bir hiss idi?
- Cənab nazirin bizim kəndə gəlməsini bir gün əvvəl bildik. Mən düşünməzdim ki, nazir mənim səhifəmdə olan videolardan, keçdiyim dərs metodlarından xəbərdardır. Mən bunu tək özümün yox, bütün müəllimlərin uğuru sayıram. Nazir bizim dərslərimizi izləyir və bizə qiymət verir. Nazirin Bakıdan dağətəyi kəndə gəlməsi onun bizə verdiyi dəyəri göstərir. Həmin gün şagirdlərim çox həyəcanlı idi. Mən hər zaman dərsimə kimsə gələcəksə, o insan haqqında şagirdlərimə məlumat verməyə çalışıram. Gələn qonağın kim olduğu haqda geniş məlumat verirəm ki, işin ciddiyətini anlasınlar. Mənim üçün görüşün həyəcanlı tərəflərdən biri də şagirdlərimin önündə nazirdən təriflər eşitmək idi. Bəlkə də mən şəhərdə yaxud şəhərə yaxın kəndlərdə işləsəydim nazirin gəlişi təbii ki, qürurverici olardı. Ancaq nazirin ucqar dağ kəndinə gəlməsi və şagirdlərin "müəllimə nazir bizim kəndə, məktəbə gəldi” deməsi daha da qürurvericidir.
- Nazir sizə dərsləriniz, keçdiyiniz metodlar haqqında nə dedi?
- İlk olaraq nazir sinif otağına daxil olarkən şagirdlər onu alqışla qarşıladıar. Bu nazirin də xoşuna gəldi və şagirdlərə təşəkkürünü bildirdi. Mən hər zaman sinif otağında partaların quruluşunu dəyişirəm, bu da şagirdlərimin sıxılmaması üçündür. Hər zaman onların bərabərhüquqlu olması üçün partaları o qaydada düzürəm. Bu hərəkətim nazirin çox xoşuna gəldi. Nazirin bizə dediyi xoş sözlərin 50%-i şagirdlərimin, 50%-i isə mənim payıma düşür.
- Ucqar dağ kəndində hansı avadanlıqların olmaması dərs prosesinizə çətinlik yaradır?
- Əvvəl məktəbimiz 5 otaqlı idi və dərs keçmək çətin idi. Daha sonra modul tipli məktəb istifadəmizə verildi və bu zaman proyektor və printerimizin olmaması müəyyən çətinliklərə yaradırdı. Bunu görən "Kontant home” şirkəti bizə bu vəsaitləri hədiyyə etdi. Printerin gəlməsi ilə bütün məktəb şadlandı. Məktəbdə olan müəllimlər bunu da çap edək deyirdilər (gülür). Bu bizim üçün sevindirici hal oldu. Daha sonra valideynlərimizlə görüş oldu və bu görüşdə onlara kiçik notlar və proyetkor ilə səhnəciklər nümayiş etdirdik. Mən düşünməzdim ki, bu paylaşımımdan sonra məktəbə lazımı avadanlılar gələr və müəllimlər bundan istifadə edə bilər.
Bizim məktəbimizdə idman etmək üçün heç bir vəsait yoxdur. Ümid edirəm ki,mən orda olmasam belə bir gün bizim məktəbin də idman zalı, qaçış cığırları olacaq. Qonşu kəndimizdə böyük məktəb tikilir və bu məktəbin idman zalı var. Şagirdlər də həsəd aparırlar ki, bizim də idman zalımız olsun.
- Şagirdlərinizin 8 Mart Beynəlxalq Qadınlar Gününü də fərqli təbrik etdiniz. Son olaraq bu haqda danışaq...
- Bəli, biz həmin gün "Jidi gözəllik salonuna” getdik. Çünki onlar valideynləri gələcəyi üçün xüsusi günə hazırlaşmışdılar. Kənd ucqar olduğuna görə valideynlərin məktəbə gəlməsi problem yaradır. Ancaq sağ olsunlar gəldilər. 8 mart olduğuna görə mən onları xüsusi olaraq hazırladım. Həmin görüşdə mənim diqqət etdiyim məqamlardan biri özümün çox bəzənməməyim idii. Kənd valideyni məktəbə gələrsə, müəllim nə qədər bəzənmiş olsa o özünü həmin yerdə səmimi saymaz. Çalışdım ki, həmin gün yaddaqalan olsun və bunu bacardıq da.
Günel Hüseynli