Ukrayna hələ ki, Gömrük İttifaqına girməyə hazır deyil. AZXEBER.COM-un məlumatına görə, bu barədə Ukrayna baş naziri Nikolay Azarov bu gün "Rossiya24" telekanalına müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, Gömrük İttifaqı Ukraynanın iştirakı olmadan yaradılıb və artıq onun normativ bazası işlənilib. "Biz indi Gömrük İttifaqının müqavilə bazasını öyrənirik və bu sazişlərin dərin qiymətləndirilməsi aparılır. Biz onu başa çatdırdıqdan sonra müsbət və mənfiləri götür-qoy edəcəyik”,- deyə Azarov bildirib.
Kiyev uzun müddətdir ki, Avropa Birliyi ilə assosiasiya sazişi bağlamaq barədə danışıqlar aparır və bu plandan hələ ki, imtina etmir. Moskva isə öz növbəsində bildirir ki, Kiyev Avropa Birliyi ilə assosiasiya sazişi bağlayarsa, Gömrük İttifaqı ölkələri Ukrayna mallarını bazarlarına buraxmayacaqlar. Nəticədə, Kiyev Brüssellə sazişin imzalanmasını təxirə salıb.