Ukrayna hökuməti fövqəladə vəziyyətlə bağlı qərarına aydınlıq gətirib

Ukrayna hökuməti fövqəladə vəziyyətlə bağlı qərarına aydınlıq gətirib
DÜNYA
07:28 21.10.2026
211
Ukrayna hökuməti energetika sahəsində tətbiq olunan fövqəladə vəziyyət rejiminin digər sahələrə də şamil edilməsi ilə bağlı qərarın yalnız təşkilati xarakter daşıdığını açıqlayıb.

Bu barədə Ukrayna Nazirlər Kabinetinin məlumatında bildirilib.

Hökumətin açıqlamasına əsasən, yeni qərar energetika, istilik və su təchizatı, eləcə də rabitə sahələrində yaranmış problemlərin aradan qaldırılmasına cavabdeh şəxslərin müəyyənləşdirilməsini nəzərdə tutur.

"Bundan sonra energetika, istilik və su təchizatı, həmçinin rabitə sahələrində problemlərin aradan qaldırılmasına konkret nazirlər cavabdeh olacaqlar. Onların birgə fəaliyyətini xüsusi qərargah əlaqələndirəcək. Bu, yalnız təşkilati qərardır və əhali üçün heç bir yeni məhdudiyyət nəzərdə tutmur”, – deyə açıqlamada vurğulanıb.

Bununla yanaşı, hökumət energetika və digər sahələrdə yeni fövqəladə vəziyyət rejimi tətbiq etmədiyini bildirib.

Qeyd edək ki, Ukraynada energetika sahəsində fövqəladə vəziyyət rejimi hələ 2026-cı ilin yanvarında tətbiq olunub. Həmin vaxt Prezident Volodimir Zelenski də bunu təsdiqləyib.

Fövqəladə vəziyyət rejimi dövlətə enerji resurslarının bölüşdürülməsi, təmir və bərpa işlərinin sürətləndirilməsi, zəruri avadanlıqların satın alınması və bəzi ixrac əməliyyatlarının müvəqqəti məhdudlaşdırılması kimi əlavə tədbirlər görmək imkanı verir.

Məlumata görə, fövqəladə vəziyyət rejiminin digər sahələrə genişləndirilməsinə dair əvvəl yayımlanmış sərəncam sonradan Ukrayna hökumətinin rəsmi saytından çıxarılıb.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR