Ukraynanın Müdafiə Kəşfiyyat İdarəsinə aid pilotsuz təyyarələr Rusiyanın Orenburq şəhərindəki yeganə helium istehsalı müəssisəsinə hücum edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, raket istehsalı, aviasiya və kosmik layihələr üçün mühüm əhəmiyyətə malik olan bu obyektin sıradan çıxması Moskvanın hərbi və kosmik sənayesində kəskin fəsadlara səbəb olub.
Hazırkı balans Moskvanın raket istehsal xəttini tamamilə sıradan çıxarmaqla, onun aviasiya və kosmik layihələrini iflasa sürükləməklə Rusiyanın strateji üstünlüyünə ciddi zərbə vura bilər.
Ukrayna kəşfiyyatının məlumatına görə, Orenburq Helium Zavodu Rusiyanın Ukraynaya qarşı müharibəsində birbaşa rol oynayır. Hərbi-sənaye kompleksinin əsas komponenti kimi onun fəaliyyətsizliyi Rusiyanın raket istehsal imkanlarını ciddi şəkildə zəiflədə bilər.
Bundan əvvəl Rusiyanın ən qabaqcıl hava hücumundan müdafiə radarlarından biri olan 98L6 "Yenisey” sistemi işğal altındakı Krımda Ukraynaya məxsus pilotsuz təyyarələr tərəfindən məhv edilib.