"Volodimir Zelenskinin ABŞ-yə səfəri günü Ukrayna Ordusu Kubandakı "Türk axını” qaz kəmərinin kompressor stansiyasına üç PUA ilə hücum edib”.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi teleqram kanalında məlumat yayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, üç pilotsuz təyyarə "Türk axını” ilə qaz tədarük edən "Russkaya” kompressor stansiyasının infrastrukturuna hücum etməyə cəhd edib və vurulub. Qeyd edilib ki, bu, stansiyaya ilk hücum deyil.
"Fevralın 28-nə keçən gecə V. Zelenskinin Vaşinqtona səfəri fonunda Kiyev rejimi Avropa ölkələrinə qaz nəqlini dayandırmaq üçün üç təyyarə tipli PUA-dan istifadə edərək Qay-Kodzor (Krasnodar diyarı) kəndində yerləşən "Russkaya” kompressor stansiyasının infrastrukturuna növbəti hücum cəhdi edib”.
Müdafiə Nazirliyi əlavə edib ki, Rusiya hava hücumundan müdafiə bölmələri hər üç pilotsuz təyyarəni normal rejimdə işləyən kompressor stansiyasından təhlükəsiz məsafədə vurub.