Ukrayna - Rusiya müharibəsində gərginlik pik həddə çatdı: Nüvə silahından istifadə ediləcək? - AÇIQLAMA

Ukrayna - Rusiya müharibəsində gərginlik pik həddə çatdı: Nüvə silahından istifadə ediləcək? - AÇIQLAMA
SİYASƏT
13:19 10.10.2022
829
Xəbər verdiyimiz kimi, bu gün səhərdən etibarən Ukraynada vəziyyət yenidən gərginləşib. Rusiya qoşunları Ukraynanın paytaxtı Kiyevi və digər şəhərləri ağır raket atəşinə məruz qoyub. 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının paytaxt Kiyev və digər vilayətlərə raket zərbəsi endirməsinə münasibət bildirib və xalqı sığınacaqları tərk etməməyə çağırıb.

Dövlət başçısı teleqramda yazıb ki, Rusiya 229-cu gündür Ukrayna xalqını məhv etməyə, yer üzündən silməyə çalışır.

Bəs hazırkı vəziyyətdə Ukraynanın taleyi ilə bağlı gözləntilər nələrdir?

Politoloq Tofiq Abbasov məsələ ilə bağlı AZXEBER.COM-a fikirlərini bildirib.

 


O, qeyd edib ki, nüvə silahının ortaya gəlməsi də əsas istəklərdən biridir:

"Ukrayna ilə bağlı vəziyyət gərginləşir və görünən odur ki, bu gərginliyi lap qaynar nöqtəyə çatdırmaq istəyən qüvvələr var. Heç də istisna deyil ki, onların istəyi nüvə silahının ortaya gəlməsidir. Bir yandan Rusiya deyir ki, istifadə edə bilər, biz zarafat etmirik. Kənar qüvvələr var ki, onlar qızışdırıcı mövqedən çıxış edərlər və hər iki tərəfi təhrik edirlər ki, onlar sülh barədə düşünməsinlər. Qarşıdurma zolağı genişlənsin. Nəhayət, kuliminasiya nöqtəsi yaşansın. Kuliminasiya nöqtəsi bir çox insanları qorxudur, düşündürür. Çünki bir növ belə münaqişələr olanda hər hansı qüvvələr sülh mövqesindən çıxış etməyə çalışırlar. Ancaq burada Minks formatı deyilən bir 4-lük var idi, başqa təkliflər var idi ki, Ukrayna ilə Rusiya arasında rublikon keçilməsin. İndiki halda biz görürük ki, Qərb dövlətlərinin liderləri də bir növ bu prosesdən uzaqlaşırlar. Anlayırlar, nə baş verir. Rusiyanı da hədələyirlər. Ancaq bunlar bir o qədər də təəssürat doğurmur. Çünki sözdür, dünən deyildi, bu gün yaddan çıxdı. Bu məqamda gözləntilər heç də ürəkaçan deyil. Hərbi ekspertlər də döyüşlərin şiddətləndiyini bildirirlər. Belə olan halda ən arzuolunmaz dönüş baş verə bilər”. 

Politoloq qeyd edib ki, Krım körpüsünün də partladılması təsadüf deyildi:

"İndi bəziləri deyirdi ki, bu, Ukraynanın işidir, Ukrayna deyir Rusiyanın işidir, vəziyyəti qəlizləşdirməyə çalışırlar. İndi tərəflər həm də bir-birini psixoloji cəhətdən imtahana çəkirlər. İstəyirlər ki, qarşı tərəfi kobud səhvlərə sövq etsinlər”. 

Tofiq Abbasovun sözlərinə görə, dünya nizamı artıq əməldə mövcud deyil:

"Zelenski deyirsə ki, biz Putinlə danışıqlara getməyəcəyik, əgər başqa kəs Rusiyaya rəhbər gəlsə, bu haqda düşünərik. Digər tərəfdən də Putin deyir ki, Zelenski bütün kələfin ucunu itirmiş adam kimi özünü apardığından biz onu dövlət rəhbəri kimi qarşılaya bilmirik. İndi gərək beynəlxalq diplomatiya astagəllik etməsin. BMT-nin Baş Katibi özünü çox soyuqqanlı aparır. Belə kritik vəziyyətlərdə onların real dəyərləri ortaya çıxmalıdır. Amma bunların hamısının başı siyasi alverə qarışıb. Çalışırlar ki, hər vəziyyətdən özləri üçün divident götürsünlər. Təksə siyasi yox, həm də maddi divident. Bu, bir daha onu göstərir ki, dünya nizamı artıq sözdə mövcuddur, əməldə yoxdur. Artıq güc amili hər şeyi əvəz etməyə başlayıb. Ona görə də yeni bir sistem yaradılmalıdır”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR