Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur.
Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Minilliklər içərisindən keçib gələn bu bayram tarix boyu qadağalara və təqiblərə məruz qalsa da, öz gözəlliyini və təravətini indi də saxlayır. Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edən unikal mədəniyyət hadisəsidir. Bu bayrama tarixi inkişaf yönümündən baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğu aydın görünür. Novruz həm də xalqımızın birliyinin, milli həmrəyliyinin rəmzidir.
Azərbaycan xalqı artıq üçüncü ildir Novruz bayramını qalib dövlətin vətəndaşları olaraq qeyd edir. Artıq üçüncü ildir ki, Azərbaycan vətəndaşları Novruz bayramını işğaldan azad olumuş ərazilərdə qarşılayır. Məhz, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfərlə müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırıb. Bu il də Novruz bayramının düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günləri sırasına daxil olur.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.
23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan və azərbaycanlılar qarşısındakı xidmətləri sırasında Novruzun yenidən xalqımıza qaytarılması kimi ümummilli əhəmiyyət kəsb edən məsələni xüsusi qeyd etmək lazımdır. Novruz bayramı sovetlər birliyi dövründə uzun illər rəsmən qadağan edilsə də, ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi əhəmiyyəti hər zaman önə çəkilmişdir. Ötən əsrin 70-ci illərində Novruz bayramı ilk dəfə olaraq məhz Ulu Öndərin xeyir-duası ilə rəsmən qeyd olunmuş, bayram şənliklərini əks etdirən reportajlar televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəldir, milli irsə, tarixə böyük məhəbbət yaradır, özünüdərki gücləndirirdi.
Bu ilki Novruz Azərbaycan xalqı üçün xüsusilə əlamətdar və yaddaqalan olacaq. Çünki bu Novruzu biz "Heydər Əliyev İli”ndə qarşılayırıq. Azərbaycan xalqı öz böyük xilaskar oğlunun əziz xatirəsini daim yaşadacaq, gələcək nəsillər isə Ulu Öndər Heydər Əliyev dühasının işığında əsrlər boyunca Novruzu azad və müstəqil Azərbaycanın vətəndaşları olaraq qarşılayacaqlar.
Naftalan şəhər sakini Tamara Həsənova