Yeni təhsil standartında dövlət imtahanı deyilən anlayış yoxdur: "Bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər köhnə standartla təhsil alanlardır".
Bəs dövlət imtahanlarının ləğvi hazırda hansı tələbələri əhatə edir?
Sosial Tədqiqatlar Mərkəzinin (STM) əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib.
O hansı tələbələrin dövlət imtahanından azad olunacağını haqda danışıb:
"Dünən Elm və Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə Milli Məclisin Elm və Təhsil Komitəsi ilə birlikdə Ali təhsillə bağlı Qanun layihəsinə aid dinləmələr keçirildi. Həmin dinləmələrdə bir neçə vacib məsələlərə toxunulsa da, ən çox diqqət çəkən məsələ məhz universitetlərdə dövlət imtahanlarının ləğvi ilə bağlı nazirin dediyi məlumat oldu. Burada çaşqınlıq yaradan detal dövlət imtahanının ləğvinin hazırda neçənci kurs tələbələrinə aid olmasıdır. Bu, çox sadə prosedurdur. Belə ki, 2020-ci il və həmin ildən bəri qəbul olan tələbələr gələcəkdə universiteti bitirdikdən sonra dövlət imtahanından azaddırlar, onlar dövlət imtahanı verməyəcəklər. Lakin hazırda təhsilini davam etdirən üçüncü və dördüncü kursda oxuyan tələbələr var ki, onlar bu qərardan əvvəlki köhnə standart dövrünə aid oluqları üçün dövlət imtahanı verəcəklər. Yəni, 2020-ci ilə qədər universitetə qəbul olan tələbələr dövlət imtahanı verəcəklər. Bu da cəmi iki il çəkəcək, çünki builki üçüncü və dördüncü kurs tələbələri də dövlət imtahanı verdikdən sonra artıq iki il sonra heç bir universitetdə dövlət imtahanı qalmayacaq”.
"Şəxsən mən dövlət imtahanının ləğvini müsbət qarşılayıram. Çünki dövlət imtahanları universitetlərdə formal olaraq qalmışdı. Heç bir təsir mexanizmi, təhsilə keyfiyyət cəhətdən heç bir qatqısı yox idi. Bu, sırf Sovet dövrü təhsil sistemindən qalmış lazımsız bir nişanə idi. Nə yaxşı ki, gec də olsa, bu, aradan qaldırıldı. Təsəvvür edin, Balonya prosesində bir tələbə universiteti bitirmək üçün 240 kredit yığmalıdır. Bu dövlət imtahanının göstəricisindən alınan qiymətin 240 kreditə heç bir qatqısı olmur. Bu, Balonya prosesinin tələbinə də cavab vermir. Sadəcə bizim universitetlərdə Sovet dövründən qalmış bir lazımsız mexanizm idi və onu aradan götürməyə tələsmirdik. Nəticədə, dövlət imtahanının qalması universitetlərin tədris keyfiyyətinə çox ziyan vururdu. 4 ildə bir dəfə olan imtahan olsa da, ziyanı var. Sonuncu kurs tələbələrinin iş, tədris qrafiki daha sıx olur. Onların magistraturaya hazırlıq, əmək fəaliyyəti və s. ilə bərabər bir də dövlət imtahanı stressini yaşamalı olurlar. Şəxsən mən bu prosesdən keçmişəm. Onsuz da, imtahan prosesi bizim cəmiyyətin gəncləri üçün böyük kabusa çevrilib. Həyatının ən vacib anında bir də dövlət imtahanı ilə yüklənmək gəncin psixologiyasına çox mənfi təsir göstərirdi. Bunu heç bir şeyə xeyri yoxdur, yalnız diplom əlavəsinə dövlət imtahanı qiymətinin balı yazılır. İş prosesində heç ona baxan da olmur. Amma zərəri var”.
Ekspert bildirib ki, dövlət imtahanın qalması bizim universitetlərə nüfuz etibarilə xələl gətirirdi: "Sovetdən qalma nişanə kimi, həm də dünyanın aparıcı universitetlərinin inkişaf trendindən tamam kənarda qaldığını göstərən bir əlamət idi. Dünya universitetləri tədqiqatyönümlü inkişaf edir, layihə əsaslı işlər görür, laboratoriya araşdırmaları artır. Amma bizdə, məsələn, Bakı Dövlət Universiteti, yaxud Memarlıq və İnşaat Universiteti hələ dövlət imtahanı keçirir. Dövrün universitetinə bu, yaraşmırdı. Dövlət imtahanının ləğvi bizim universitetləri tədqiqatyönümlü fəaliyyətə səsləyəcək. Demirəm, dövlət imtahanı ləğv olunan kimi universitetlərimiz birə-beş inkişaf edəcək, o dəqiqə tədqiqatyönümlü inkişaf xəttinə çıxacaq, xeyr, ən azından bu ləkəni özlərindən çəkib atacaqlar. Biləcəklər ki, onların təcrübəsində dövlət imtahanı kimi lazımsız bir mexanizm yoxdur. Bu, təqdirəlayiq haldır”.
Aydın Nuri










































