Masazır kəndi, Niyazi Əsgərov küçəsi ev, 103 ünvanında yaşayan və təsərrüfatla məşğul olan Yusifovlar ailəsinin 8 yaşlı qızı qoyun otaran zaman su ilə dolu quyuya düşüb. Mərhumun atasının sözlərinə görə, bazar günləri uşaq ailəyə kömək məqsədilə qoyun otarırmış. Qoyun otarılan həmin sahədə bir neçə yerdə su ilə dolu dərin quyular var. 8 yaşlı Fərqanə həmişə burada qoyun otarsa da, indiyə qədər hər hansi problemlə üzləşməyib. Həmişə gedib qoyunları otarıb, evə qayıdırmış.Lakin bu dəfə hər şey tamam başqa cür olub. Bu dəfə Fərqanənin nə qoyunları, nə də özü evə qayıdıb. 1 neçə saat keçəndən sonra uşağın gəlmədiyini görən valideynləri onu axtarmağa başlayıblar. Uzun axtarışlardan sonra qonşulardan biri uşağın meyitini yaxınlıqda yerləşən su ilə dolu, dərinliyi 2 metr quyudan tapıb. Üstündən bir gün keçməsinə baxmayaraq balaca Fərqanənin papağı və şarfı hələ də həmin quyuda idi. Mərhumun atasının sözlərinə görə, ilkin ehtimala görə uşaq qoyunların arxasınca qaçan zaman ayağı sürüşüb və həmin quyuya düşüb.Fərqanənin atasının sözlərinə görə, bu quyuda təkcə insan deyil, dəfələrlə heyvanlar da düşüb ölüb. Su ilə dolu olan bu quyuların ağzı yaxın vaxtlarda bağlanmasa, kim bilir bəlkə Fərqanə kimi neçə -neçə uşağın qatilinə çevriləcək.Xatırladaq ki, övlad itkisi faciəsi bu ailədə artıq ikinci dəfədir təkrarlanır. 2003-cü ildə ailənin 6 yaşlı övladı da ehtiyatsızlıq ucbatından, üzərinə araba aşaraq dünyasını dəyişib. Allah rəhmət eləsin!