Uşaqlar arasında qızılca ilə suçiçəyi yayılır - Özəl və dövlət xəstəxanalarında peyvəndlər niyə yoxa çıxıb?

Uşaqlar arasında qızılca ilə suçiçəyi yayılır - Özəl və dövlət xəstəxanalarında peyvəndlər niyə yoxa çıxıb?
SOSİAL
15:49 09.06.2023
929
Artıq bir neçə aydır ki, ölkəmizdə uşaqlar arasında suçiçəyi və qızılca xəstəliyi sürətlə yayılır. İnfeksionistlərin həyəcan təbili çalmasına baxmayaraq, qızılca və suçiçəyi peyvəndləri uzun müddətdir ki, ölkəmizə gətirilmir. 

Dövlət poliklinikalarında Hindistan istehsalı peyvəndlər təklif olunsa da, özəl klinikalarda təklif olunan Fransa və Belçika istehsalı peyvəndlər 1 ilə yaxındır ki, yoxa çıxıb. 

Bəs, bunun səbəbi nədir? 
 


Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla  peyvəndlərin gətirilməsinin dövlət nəzarətində olduğunu bildirib:

"Peyvəndlərin idxalı dövlət nəzarətinə bağlıdır. Çünki pevyəndlənmə məsələsi "UNİCEF”in proqramı əsasında, Azərbaycan Respublikasının Milli peyvənd təqvimi ilə həyata keçirilir. Suçiçəyi, qızılca, göy öskürək, vərəm, Hepatit B 12-yə yaxın infeksiya Milli peyvənd təqvimində var. Bunun əsasında vaksinasiya həyata keçirilir. Bunların hamısının müddəti var ki, o da uşağın sağlamlıq kartına keçirilir. Peyvəndləmə dövlət himayəsində olan məsələdir”.

Adil Qeybulla poliklinikalarda  peyvəndlərinin Hindistan istehsalı olmasına da münasibət bildirib:

"Düşünürəm ki, Hindistan dərmanlarına dırnaqarası yanaşmamalıyıq. Hindistan dərmanlarına kifayət qədər yüksək təbabət var. Burada əsas məsalə odur ki,  peyvəndlər müəyyən texnologiya ilə hazırlanır, sertifikatlar alınır. Daha sonra icra olunur. Bir önəmli məqamı qeyd etmək istəyirəm ki, peyvəndlənmə vacibdir. Bəzi valideynlər peyvəndlərdən yayınırlar. Peyvəndlənmədən yayınmaq olmasa, yoluxmanın qarşısı zamanında effektiv alına bilər”.

Mövzuya bağlı pediatr Xəyalə Quliyeva da AZXEBER.COM-a münasibət bildirib:

"Suçiçəyinə qarşı peyvənd nə dövlət, nə özəl klinikalarda yoxdur. Çünki suçiçəyi məcburi peyvəndlər siyahısına aid deyil. Qızılcanın isə xüsusi müayinəsi yoxdur. Xəstəliyin müalicəsi peyvəndlərlə aparılır. Gecikdirilən peyvəndlər uşaqları xəstəliklərə qarşı müdafiəsiz edir. Ölkəmizdə qızılcaya qarşı peyvənd Səhiyyə Nazirliyinin peyvənd təqviminə uyğun olaraq həyata keçirilir”.
 


Peyvəndlərin yoxa çıxması ilə bağlı narazılığa aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi ilə də əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a göndərilən açıqlamada peyvəndlərin olduğu bildirilib:

"Ölkəmizdə qızılca peyvəndi ilə təchizat daimi və dayanıqlıdır. Bütün uşaqlar 1 və 6 yaşlarında 2 doza olmaqla qızılca-parotit-məxmərək (QPM) peyvəndini alır. Suçiçəyi peyvəndi Milli Peyvənd Təqvimində nəzərdə tutulmayıb. Ölkəmizdə Hindistan istehsalı olan QPM peyvəndindən istifadə olunur. Qeyd edək ki, bu peyvənd Ümumdünya Səhiyyə Təşkilatının keyfiyyət standartlarına uyğundur".

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR