"Uşaqlara və gənclərə qayğı ölkənin gələcəyinin qarantıdır"

SOSİAL
12:54 24.09.2021
379
Uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqəti və qayğısı ilə əhatə olunması məsələsi Azərbaycanda bütün dövrlərdə dövlətin başlıca məqsədvə vəzifələrindən biri olub.
 
Azərbaycan cəmiyyəti və dövləti hər zaman uşaqlara qarşı məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb, necə deyərlər, hər şeyin yaxşısını uşaqlara verib.
 
Çünki hər bir ölkənin, dövlətin gələcəyinin təməlini uşaqlar təşkil edir. Hər bir valideyn uşağa təkcə öz övladı kimi deyil, həm də vətənin övladı kimi baxmalı, onu vətən üçün yetişdirməli, inkişaf etdirməlidir.
 
Ümumiyyətlə, uşaqlıq insanların həssas dövrlərini təşkil edir, gənclik dövründə isə həmin şəxsin istər fiziki, istərsə də mənəvi inkişafı üçün ətraf-mühit də böyük rol oynayır. Burada ətraf-mühit dedikdə ailə, məktəb, dövlət, cəmiyyətin hər biri nəzərdə tutulur və hər birinin bu inkişaf üçün ayrı-ayrılıqda qatqısı olur.
Azərbaycan dövləti də uşaq və gəncləri hər zaman diqqətdə saxlayır. Uşaqları gələcək üçün yetişdirən dövlətimiz onların normal mühitdə yetişməsi üçün hər zaman öz nəzarətini həyata keçirir. Bu səbəbdəndir ki, ölkənin uşaq və gəncləri öz Vətənini öz anası qədər sevir və Vətən uğrunda ölümə belə getmək üçün hər zaman hazır dayanır. Gənclərimiz bunu təkcə sözdə deyil, əməldə də göstərirlər. Elə təkcə 44 günlük Vətən Müharibəsində gənclərimizin düşmənlə döyüşə necə həvəslə getməsi, torpaqlarımızın azadlığı üçün önə atılması və onları Azərbaycan bayrağı ilə ruhlandırıb yola salan uşaqlar buna bir nümunə oldu.

Azərbaycan Respublikasının Prezidenti də öz çıxışı zamanı bildirmişdi ki, gənclər ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər:

"Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.

Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir”.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafıdan danışdıqda burada bir çox məsələlər qabardılmalıdır. Uşaqlıq dövründə hər kəs müəyyən istiqamətlə özünə bir yol seçir. Amma bu istqaməti verərkən daha faydalı şeylərə diqqət etmək lazımdır. İdmanla, elm-təhsillə yetişən uşaqlar sağlam təfəkkürə sahib olacaq bir gələcəyin təminatı deməkdir. Bu səbəbdən fiziki və mənəvi cəhətdən inkişaf etmiş uşaqları, gəncləri yetişdirmək üçün hər kəsin üzərində bir məsuliyyət dayanır.

Müasir dövr internet üzərindən virtual olaraq uşaqlar üçün də hər şeyi əlçatan edir. Nəzarətdən kənarda qalan hər bir uşaq internetin mənfi tərəflərinin qurbanı ola bilər. Uşaqların qarşısına çıxan və izlədikləri videolar onlara qısa müddətdə istər psixoloji, istərsə də mənəvi ziyan vura bilər. Bu proses mütəmadi olaraq davam etdikdə isə onların gələcəyi üçün də ciddi problemlərə yol açır. Bu səbəbdən uşaqların mənəvi inkişafı ilk olaraq evdən, ailədən başlayır. Cəmiyyətə ayaq açan uşaqları bu cür ziyanlardan uzaq tutmaq önəmli məsələlərdən biridir.
 


Mövzu ilə bağlı AZXEBER.COM-a "Ailə, qadın və Uşaqların İnkişafına Dəstək” İctimai Birliyinin sədri, "Dəcəl Balam" Ailə və Uşaq İnkişaf Mərkəzinin direktoru Dilşad Musa fikirlərini bildirib.

Dilşad Musanın sözlərinə görə uşaqların mənəvi inkişafını valideyn diqqət və qayğısından başlayır:

"İlk növbədə valideynlər uşaqlarına yetəri qədər vaxt ayırmalıdırlar. Çünki uşaqların ehtiyacı olduğu ən böyük hiss sevgi, qayğı və diqqətdir. Bəzən valideynlər elə başa düşür ki, onlar uşaqların bütün ehtiyaclarını ödəyirlər. Məsələn, gözəl geyimlər, aksesuarlar almaqla, tətilə göndərməklə bunu təmin etmiş olduqlarını düşünürlər. Amma uşaqlar bəzən bu hallardan razı qalmayaraq depressiv vəziyyətə düşə bilirlər. Çünki uşaqların bundan daha çox valideyn qayğısına ehtiyacı var. Təbii ki, hər bir valideyn bunları etməli və uşaqların xüsusilə, təhsilinə diqqət etməlidir, amma bunları öz sevgilərini göstərərək etməlidir. Onlara mütəmadi olaraq vaxt ayırmalıdırlar. İllərdir uşaqlarla işləyən bir şəxs kimi deyə bilərəm ki, bizim hələ uşaqlardan öyrənəcəyimiz çox şeylər var. Müasir dövrə uyğun olaraq uşaqlar daha dərin düşünür, çox tez inkişaf edirlər. Uşaqlar böyüklərdən fərqli olaraq öz haqlarını daha yaxşı tələb etməyi bacarırlar. Uşaqları mənəvi cəhətdən inkişaf etdirmək üçün bir çox yollar var. Valideynlər mütləqdir ki, həftə sonlarını öz uşaqları ilə keçirməlidirlər. Onların istəmədiklərini onlara məcbur etmək düzgün deyil. Onları öz istəklərinə uyğun deyil, uşaqların istəklərinə uyğun və düzgün yöndə istiqamətləndirmək lazımdır, bu daha çox təhsil sahəsində müşahidə olunur ki, bəzən uşaqlar valideyn istəyinə uyğun istiqamətdə təhsilə yönəldilir. Daha çox gənc ailələr buna əməl edir, uşaqların seçiminə dəstək verirlər. Yəni hər uşaq müəllim olmalıdır, deyə bir qayda yoxdur. Onları sevdikləri sahəyə istiqamətləndirmək lazımdır”.

Dilşad Musa onu da qeyd edib ki, uşaqlarla ünsiyyət onların mənəvi inkişafı üçün vacib amillərdəndir:

"Pandemiya dövrü böyüklər kimi uşaqlara da mənfi təsir etdi. Əyani təhsil dayandı, uşaqların sosial ünsiyyətində məhdudiyyətlər oldu. Bu müddətdə uşaqlar psixoloji cəhətdən özünə qapanıq dövrünü yaşadı. Ona görə də biz bunları geridə qoymaq üçün uşaqlar üçün kusrlar, dərnəklər təşkil etməyi də düşünürük. Biz bütün bunlar üçün xüsusi işlər üzərində çalışırıq. Düşünürəm ki, bu dövrü geridə qoymaq üçün hər birimizin üzərinə müəyyən yük düşür. Bu səbəbdən xüsusilə valideynlər öz üzərlərinə düşənləri yerinə yetirməlidir.

Uşaqlarla ünsiyyət onların mənəvi inkişafı üçün vacib amillərdəndir. Bu, təməldən olmalıdır. Hər bir ailə süfrə ətrafında bir toplaşılmalıdır və uşaqların maraq dairəsinə uyğun söhbət edilməlidir. Uşağa bir fərd kimi yanaşılmalıdır. Çünki bunların hamısı mənəvi dəyərlədir və bunu insanlarda uşaqkən formalaşdırmaq lazımdır. Valideynlər uşaqlarının ətrafını, kimlərlə dostluq etdiyini bilməlidir. Hər bir valideyn bilməlidir ki, övladının ən yaxın dostu elə özlər olmalıdır. Bütün bunlar uşaqların gəncliyi və gələcəyi üçün önəmlidir. Çünki bəzən gənc yaşlarında belə düzgün ünsiyyət qurmaq bacarığına sahib ola bilmirlər ki, bu da təməldən gələn problemlərdir. Uşaqların mənəviyyatını zənginləşdirmək ilk növbədə sevgi və qayğıdan başlayır”.
 

Mövzu ilə bağlı AZXEBER.COM-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov da fikirlərini bildirib. Onun sözlərinə görə, uşaq və gənclərin fiziki-mənəvi inkişafının təmin edilməsi məqsədilə valideynlərlə iş aparılmalıdır:

"İlk növbədə uşaq və gənclərin fiziki-mənəvi inkişafının təmin edilməsi məqsədilə valideynlərlə iş aparılmalıdır. Eyni zamanda yeni doğulan uşaqların məktəbəqədər təhsilində, daha sonra orta təhsilində işlər aparılmalıdır. Valideynlərin təlim-tərbiyə prosesində, ailə dəyərlərinin təşviqində işlər aparılmalıdır. Azərbaycanda bununla bağlı dövlət qurumları tərəfindən maraqlandırıcı kampaniyalar keçirilir. Ailə dəyərlərinin qorunması, insan hüquqlarının müdafiəsi, qadın və uşaq hüquqlarının müdafiəsi kimi proqramlar həyata keçirilir. Fiziki və mənəvi inkişafı ilə bağlı, xüsusilə yetkinlik yaşına çatmayanların bu sahədə idman proqramları, gənclər proqramları var. Fiziki və ruhi inkişafın təmin edilməsi, uşaqların yüksək və yeni texnologiyalarda nailiyyətlərin əldə edilməsi, ixtiralara öz töhvəsini verməsi Azərbaycanda çox vacib prioritet inkişaf istiqamətlərindən biridir”.

Elgün Səfərov onu da qeyd edib ki, ən böyük amillərdən biri də uşaqların kiber təhlükəsizliyinin təmin edilməsidir:

"Ümumiyyətlə, bu sahədə 2 iyun tarixində uşaq hüquqlarının müdafiəsi üzrə milli strategiya qəbul edilmişdir. Eyni zamanda 27 noyabr tarixində uşaq Milli Fəaliyyət qanunu qəbul olunmuşdur. Bu qanun çərçivəsində də uşaqların fiziki, ruhi inkişafı, ümdə maraqlarının qorunması nəzərdə tutulur. Yetkinlik yaşına çatmayan uşaqların fiziki inkişafının təmin edilməsin üçün idman yarışlarında, idman hazırlıqlarında, beyin inkişafında, yeni texnologiyaların tətbiqində, eyni zamanda ali və orta təhsil ocaqlarında yeni dərsliklərin hazırlanması ilə bağlı və s. bu kimi planlar var.

Ən böyük amillərdən biri də uşaqların kiber təhlükəsizliyinin təmin edilməsidir ki, bu da onların fiziki və mənəvi inkişafına təsir edir. Bunun üçün də, dediyim kimi dövlət komitəsi tərəfindən proqlam təminatları yaradılıb. Bunun da davamı olaraq digər tədbirlər aparılır. Sosial şəbəkələrdə, sistemdə, virtual həyatda təhlükəsizliyin təmin edilməsi məqsədilə təbirlər görülür. Bunlar DİN, Rabitə və Texnologiya Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı tədbirlərdir”.

Xalqımızın fiziki və mənəvi xüsusiyyətlərə sahib olan gələcəyini təmin etmək üçün sağlam təfəkkürlü uşaqlar, gənclər yetişdirmək lazımdır. Bu baxımdan hər bir valideyn öz övladını yetişdirməli və cəmiyyət üçün önəmli faktorları təmin etməlidir.

Aydın Nuri
 
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunda dərc edilib. 
 

OXŞAR XƏBƏRLƏR