Yay mövsümünün gəlişi ilə havaların kəskin istiləşməsi valideynləri narahat edən əsas məsələlərdən birinə- uşaqlarda günvurma hallarına səbəb ola bilir.
AZXEBER.COM xəbər verir ki, həkimlər xüsusilə 3-10 yaş arası uşaqların yay aylarında günəş şüalarının mənfi təsirinə daha həssas olduğunu bildirirlər.
Bu yaş dövründə uşaqlar aktiv olduqları üçün günün isti saatlarında çöldə oynamaq istəkləri artır və bu da günvurma riskini yüksəldir.
Günvurma hansı hallarda baş verir?
Günvurma adətən uşağın uzun müddət birbaşa günəş altında qalması nəticəsində baş verir. Bu zaman bədənin istilik tarazlığı pozula, daxili orqanlar zədələnə və uşaq huşunu itirə bilər. Mütəxəssislər bildirir ki, bu vəziyyət dərhal müdaxilə olunmadıqda ciddi fəsadlara səbəb ola bilər.
Uşaqlarda günvurma aşağıdakı əlamətlərlə özünü göstərə bilər:
Yüksək hərarət (bəzən 40 dərəcədən yuxarı)
Şiddətli baş ağrısı
Ürəkbulanma və ya qusma
Qızarmış dəri və tərləmənin dayanması
Bayılma və ya huşun itməsi
Nəfəs almaqda çətinlik
Bu hallarda mütəxəssislər valideynlərə təcili olaraq aşağıdakı addımları atmağı tövsiyə edir:
Uşağı dərhal kölgəyə və ya sərin yerə aparın
Üzərinə nəm, soyuq kompres qoyun və geyimini azaldın
Əgər huşu yerindədirsə, ona otaq temperaturunda su içirin
Huşunu itirmiş uşağa dərman verməyin – təcili tibbi yardım çağırın
Tənəffüsündə problem yaranarsa, süni tənəffüsə başlanmalıdır (yalnız tibbi bilik varsa)
Günvurmadan qorunmağın bəzi yolları da mövcuddur*
Uşaqları günün ən isti saatlarında (11:00–17:00) açıq havada saxlamayın
Açıq rəngli, yüngül və nəfəs alan paltarlar geyindirin
Başlarına papaq və ya şlyapa qoyun
Kifayət qədər su içdiklərinə əmin olun
Hər 15-20 dəqiqədən bir kölgədə istirahət etmələrini təmin edin
Qeyd edək ki, günvurma təhlükəli vəziyyətdir və vaxtında müdaxilə edilməzsə, uşaq sağlamlığında ciddi problemlərə yol aça bilər.
Yay fəslini təhlükəsiz keçirmək üçün bu sadə, amma həyati vacib tədbirlərə əməl etmək vacibdir.
Aysel Hacızadə