Zərifə Kərimli,Uşaq psixoloquBildiyimiz kimi uşaqlar çox vaxt yatmaq istəməzlər və yatmamaq üçün müxtəlif bəhanələr gətirər.Amma məlumdur ki,uşaqlıq dövründə doğru yaşam tərzi,sağlam fizioloji və psixoloji inkişaf üçün lazım olan əsas amil yuxu rejimidir.
Ümumilikdə hər yaşa görə yuxu müddəti təyin edilmişdir :
2-5 yaş üçün 13-15 saat
6-8 yaş üçün 12 saat
8-10 yaş üçün 11 saat
Yeniyetməlik dövrünə qədər 10-11 saat yatmaq ehtiyyacı müəyyən edilmişdir.
Yuxu vərdişi digər vərdişlər kimi həyatımızın ilk illərindən qazanılan vərdişlərdəndir. Bir çox insanda görülən yuxu problemlərinin altında yatan səbəb,əslində uşaqlıq dövründən düzgün yuxu rejiminin olmamasıdır.
Bəs necə olur ki, uşaqlar yuxudan qaçırlar?
Uşaqlarda yatmağı gecikdirən,yuxuya keçməyə mane olan ən əsas səbəb - həddindən artıq yorğun olma halıdır.Böyüklərdən fərqli olaraq uşaqlar həddindən artıq həyəcanlı,gərgin keçən günün sonunda yatıb rahatlayacaqlarını anlamırlar.Yatmaq istəməyən,min bir bəhanə uyduran uşağı görən valideyn isə,onun yuxusunun gəlmədiyini düşünür və vaxtından nə qədər gec yatsa daha rahat yatacağını fikirləşir.Lakin tam əksinə,gec yatan uşaq özünü daha yorğun hiss edər və yatmaqda daha da çətinlik çəkər.El arasında bu prosesi "yuxusu qaçıb" ifadəsi ilə əvəzləyirik.
Necə edək ki, bu cür vəziyyət yaşanmasın?
Yorğunluq probleminin həlli həm bədənsəl,həm də zehni cəhətdən rahatlaşmayla keçən vəziyyətdir.
İlk öncə yuxu vaxtından yarım saat öncə yataq otağına keçən uşaq,hər hansı onu sakitləşdirə biləcək oyuncaqla oynaması və ya valideynlərindən birinin ona kitab oxuması,nağıl danışması uşağın xəyallar aləmindən yuxuya keçməsinə səbəb olacaq.Bundan əlavə,ilıq duş qəbulu,uşağa layla ritmində həzin musiqi dinlətmək məqsədə uyğundur.Qida olaraq isə isti süd,1 ədəd alma da uşağın rahatlanmasına və yuxuya getməsinə kömək edəcək. Əgər bədənində hər hansı gərginlik,narahatlıq və ya ağrı olarsa yüngül massaj onu rahatladacaq.
Uşağın psixoloji rahatlığı üçün isə axşama doğru emosional gərginliyə yol verilməməlidir.Uşağın televiziyadan izlədiklərinə və komputerdə oynadığı müxtəlif internet oyunlarına nəzarət olunmalıdır.Həyəcan verən və qorxu yaradan nüanslardan maksimum dərəcədə uzaq durmasına valideynlər ciddi fikir verməlidir.