Uğurlu iqtisadi siyasətin nəticəsi

İQTİSADİYYAT
16:43 27.04.2016
2837

Sahibkarlığa, biznesin inkişafına verilən dövlət dəstəyi Azərbaycanda kiçik və böyük sahibkarlar ordusu yaradıb

Azərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə malik olmaqla böyük inkişaf yolu keçib. Xüsusən də XIX əsrin sonu, XX əsrin əvvəllərində bu qədim fəaliyyət növü sürətli və böyük inkişaf dövrünü yaşayıb. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaradıb. Azərbaycan ən qiymətli sərvətlərdən biri sayılan neft ölkəsi olduğundan hələ XIX əsrdə ölkəmizdə neft hasilatı üzrə dünyada böyük nüfuza malik sahibkarlar – milyonçular yetişib. Həmin milyonçuların ölkəmizin iqtisadi inkişafında, xüsusilə neft hasilatı və emalı sənayesinin inkişafında əhəmiyətli rolu olub. Dövrünün böyük nüfuz sahibləri olan bu insanlar ölkədə binalar, məktəblər, teatrlar, xəstəxanalar tikdirib, əhalinin böyük hissəsini işlə təmin ediblər. Bu baxımdan Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin, Seyid Mirbabayevin, Səlimovun, Mirzəyevin, Mantaşovun və onlarla başqalarının adları sahibkarlıqla məşğul olanlara əsl nümunə və həyat məktəbi olmalıdır. XX əsrin əvvəllərində xarici kapitalın ölkəyə axını sahibkarlıq fəaliyyətinin daha da inkişafına səbəb olub. İngiltərədən Henri Deterdinqin rəhbərliyi ilə “Royal Döyçe Şell”, Amerikadan Jon Rokfellerin “Standart oyl”, Fransadan Rotşildin “Xəzər-Qara dəniz” və “Mazut”, İsveçrədən “Nobel qardaşları”nın sindikatları Bakıda yeni neft mədənlərində işə başlayıblar. Ayrı-ayrı ölkələrdən gəlmiş milyonçular fərqli sahələrə sərmayə qoymaqla müxtəlif sahələrin inkişafına zəmin yaradıblar.

Lakin 1917-ci il inqilabı, 1918-ci ilin soyqırımı hadisələri, 1920-ci ildə Azərbaycanın bolşevik ruslar tərəfindən istila olunması, bundan sonra cərəyan edən siyasi proseslər sahibkarlıq fəaliyyətində də müəyyən problemlər yaşadıb. Sovetlər birliyi dövründə bütün mülkiyyət formaları dövlətin olduğundan, elə sahibkar rolunda da dövlət özü çıxış edib, planlı təsərrüfat, planlı iqtisadiyyat əsas olub. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra isə ölkəmizin elan edilməmiş müharibəyə cəlb olunması, səriştəsiz idarəetmə sistemi sahibkarlığın inkişafına da maneə törədib. Amma ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gətirilməsi bu sahədə də vəziyyətin müsbətə doğru dəyişməsinə səbəb olub. Ulu öndərin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət, həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunub ki, bu da iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm əsas formalaşdırıb. Bu dövrdə sahibkarlığın təşəkkülü və inkişafı istiqamətində müəyyən tədbirlər həyata keçirilsə də, əsaslı dönüşə 1996-cı ildən etibarən nail olunub. İqtisadi və dövlət idarəetmə aparatında aparılan struktur islahatları da ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlıq sektorunun inkişafına güclü təkan verib.

Azərbaycan Prezidentinin 30 aprel 2001-ci il tarixli Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoyub, sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirib. Bu illər ərzində sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycanda sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilib. Sahibkarlığın inkişafı sahəsində dövlət proqramları qəbul olunub. Bu dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırılıb. 2002-ci ildə ümummilli lider Heydər Əliyevin yerli və xarici iş adamları ilə aprel - may aylarında görüşlər keçirməsi, “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” bu istiqamətdə həyata keçirilən dövlət tədbirlərinin sistemliliyinin təmin edilməsində mühüm rol oynayaraq, ölkədə sahibkarlığın inkişafına böyük təkan verib.

Sevindirici haldır ki, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və onun rəhbərliyi ilə həyata keçirilmiş sahibkarlığın inkişafı strategiyası bu gün dövlət başçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Məhz bu staretegiyanın, bu siyasətin sayəsində Azərbaycanda böyük sahibkarlar ordusu formalaşıb. Dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, sahibkarların maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faizi keçib və məşğul əhalinin təqribən 74 faizi bu sektorda cəmləşib. Dövlət başçısı İlham Əliyev hər bir azərbaycanlının prezidenti olmaq prinsipindən çıxış edərək, bu gün də sahibkarlara hərtərəfli diqqət və qayğı göstərməkdədir. Hər il aprelin 25-nin Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilməsi barədə ölkə başçısının aprelin 21-də imzaladığı sərəncam da sahibkarlara göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi güdən həmin sərəncamda ölkənin iqtisadiyyatında sahibkarların artan rolu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyəti xüsusi ilə qeyd olunub.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev də mətbuata açıqlamasında bildirib ki, ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar sistemli və ardıcıl xarakter daşıyır. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son zamanlar imzalanmış sənədlərin, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına verilən böyük dəstəyin göstəricisi olduğunu vurğulayıb. İşəgötürənlər Konfederasiyasının rəhbəri dövlət başçısı İlham Əliyev tərəfindən “Sahibkarlar günü”nün təsis edilməsini də növbəti belə bir dəstək kimi qiymətləndirib. Bildirib ki, övlət başçısının sahibkarlara göstərdiyi dəstək ölkə iqtisadiyyatında özəl sektorun rolunu daha da artıracaq, qeyri neft sektorunun inkişafına ciddi təkan verəcək.

Sahibkarlıq fəaliyyətinə Rusiya Federasiyasında meyvə və tərəvəz məhsullarının topdansatışı ilə başlayan sahibkar Elnur Mənsimov da Azərbaycanda investisiya və sahibkarlıq mühitinin daha da cəlbedici olduğunu, dövlət tərəfindən sahibkarlara siyasi, iqtisadi və mənəvi dəstək verildiyini bildirir. O, vaxtilə bu dəstəyi hiss etdiyindən fəaliyyətini Azərbaycanda davam etdirməyə başlayıb. Hazırda Qusar Logistika Mərkəzinin və Bağçılıq Təsərrüfatının baş direktoru vəzifəsini icra edən E.Mənsimov ilk olaraq sərmayə qoyuluşuna Qusar rayonunda 50 hektar intensiv alma bağlarının salınması ilə başladığını bildirib. Qeyd edib ki, ümumi dəyəri 12 milyon manat, tutumu 12 min ton olan logistik mərkəzin inşası layihəsinin reallaşdırılmasında dövlətin 5 milyon manat güzəştli kredit vəsaitindən istifadə eləyib. Beləliklə də mövcud intensiv meyvə bağlarının sahəsini altı dəfə artıraraq 300 hektara çatdırıb. Gələcəkdə isə meyvə bağlarının sahəsi 500 hektara çatdırılacaq. E.Mənsimovun sözlərinə görə, bu meyvə bağlarında istehsal edilən məhsullar “Qusar” markası adı altında həm ölkə daxilində satılır, həm də Rusiya və MDB ölkələrinə ixrac edilir. Gələcəkdə ixrac coğrafiyasının daha da genişləndirilərək, Avropa və Asiya bazarlarına çıxış əldə etmək planlaşdırılıb.

2000-ci ildə yaradılan və ölkəmizin tikinti materialları sənayesi sahəsində öz layiqli yerini “Mətanət-A” şirkəti də sahibkarlığa göstərilən dövlət qayğısı hesabına daha da inkişaf edib. Şirkətin baş direktoru Elxan Bəşirovun sözlərinə görə, hazırda buqurumun tərkibinə Abşeron rayonunda quru inşaat qarışıqları, boya və beton qatqıları zavodları, Qazax rayonunda əhəng zavodu, Qaradağda gips hörgü bloku, ağdağ gips və yeni ağdağ gips zavodları olmaqla 7 zavod daxildir. Sahibkar bildirib ki, bu zavodlarda istehsal olunan məhsullar rəqabətədavamlı, idxalı əvəz edən, həm də ixracyönümlüdür. Onun fikrincə, şirkətin istehsal fəaliyyətinin genişləndirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər verilib.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abasov da Azərbaycanda biznesin inkişafına yaradılan şəraitdən faydalanan sahibkarlardandır. Onun sözlərinə görə, ötən illər ərzində “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı kiçik bir şirkətdən istehsal, ticarət, xidmət, inşaat sektorlarını əhatə edən böyük bir quruma çevrilə bilib. Hazırda bu qurumun tabeliyindəki müəssisələrin istehsal etdiyi məhsullar təkcə Azərbaycanda istehlak olunmur, həmçinin xaricə də ixrac edilir.

“Zirə İstixana Kompleksi” ölkədə prioritet istiqamətlərdən biri kimi müəyyən edilən bitkiçiliyin inkişaf etdirilməsi və tərəvəz yetişdirən müasir istixana komplekslərinin yaradılması sahəsində 2011-ci ildən fəaliyyətə başlayıb. Kompleksin rəhbəri Bəşir Quliyevin dediyinə görə, Zirə qəsəbəsində müasir istixana kompleksinin inşası üçün ilkin mərhələdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit vəsaitindən istifadə olunub, “Aqrolizinq” ASC-dən 10 il müddətinə lizinqə isə texnoloji avadanlıqlar götürülüb. Layihənin reallaşdırılmasına ümumilikdə 6,5 milyon manat investisiya qoyulub və 5 hektar şüşə ilə bağlı əraziyə malik kompleks tikilib başa çatdırılıb. B.Quliyev bildirib ki, bukompleksdə istehsal edilən müxtəlif kənd təsərrüfatı məhsulları ixracyönümlüdür və əsasən Rusiya Federasiyasının bazarlarına çıxarılır. Kompleksin məhsulları Avropa, Türkiyə və İran məhsullarından daha keyfiyyətli olduğundan, hazırda Rusiyada onlara böyük tələbat var.

Azərbaycanda sahibkarlara yaradılan şəraitdən istifadə edərək öz biznesini genişləndirən, yeni istehsal müəssisələri, iş yerləri yaradan, istehsal etdiyi məhsullarla ölkəmizi xaricdə layiqincə tanıdan, ümumilikdə iqtisadi inkişafımıza, xüsusən də qeyri-neft sektorunun inkişafına töhfə verən belə sahibkarların, sahibkarlıq subyektlərinin sayı çoxdur. Buna misal kimi, “Yalama Aqropark” MMC, “NEON” Firması, Qarabağ Aqrar Sənaye Kompleksi, “Aqrokompleks Qəbələ” MMC, “Embawood” MMC, “Norm” MMC, “Azersun Holdinq” MMC, “Rabitəbank” ASC, “Karat Holdinq” MMC, “Gilan Holdinq” və başqalarının adlarını da çəkmək olar. Bütün bunlar Azərbaycanın reallıqları, iqtisadi inkişafının göstəriciləridir. Ölkəmizin regionda iqtisadi güc və söz sahibinə çevrilməsi, iqtisadiyyatımızın sürətli inkişafı, dünyanın qabaqcıl texnologiyalarının Azərbaycanda tətbiqinə şərait yaradılması, müasir istehsal və emal müəssisələrinin inşası, əhalinin həyat və fəaliyyət şəraitinin yaxşılaşdırılması istiqamətində əldə olunan bütün nailiyyətlər Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir.

Hacıbəy HEYDƏRLİ

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən Kütləvi İnformasiya Vasitələri nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir

OXŞAR XƏBƏRLƏR