- Vüsalə xanım, istərdim ki, uğurlarınızın sirlərini bizimlə bölüşəsiniz. Keçdiyiniz yol, qarşıya çıxan çətinliklər barədə danışasınız...
- Mənə elə gəlir ki, uğur bir az subyektiv məfhumdur. Yəni bəzi adamlar hesab edir ki, biz uğur qazanmışıq, bəzi adamlar isə hesab edir ki, bizim proyektlər uğursuzdur. Ancaq mən məmnunam ki, cəmiyyətin böyük əksəriyyəti bizim uğurlu bir media holdinq qurmağımızı qəbul edir. Bunun əsas sirri ondan ibarətdir ki, biz bunu istəmişik. İnsan bacardığı bir işi görmək istəyirsə, buna səy göstərirsə, sözsüz ki, uğur qazanır. Təbii ki, söhbət bacardığımız işlərdən gedir. Mən bu gün kosmonavt olmaq istəsəm, bu çox vaxt aparacaq, bəlkə də alınmayacaq. Çünki bunun üçün müəyyən təcrübə, təhsil lazımdır. Uğur qazanmaq üçün hökmən bacardığımız işi görməliyik. Mənim qazandığım uğurlarda isə kollektivimizin böyük rolu var. Hesab edirəm ki, bizim sadiq və peşəkar kollektivimiz var. Agentlik yaranandan bizimlə birlikdə olan insanlar var ki, bu işə ürək veriblər. Bəzi hallarda komandamız, hətta məni bir rəhbər kimi bəzi işlərdən qoruyurlar. Mən daha çox idarəçilik, münasibətlərin, agentliyin qorunması, maliyyə məsələləri ilə məşğul oluram. Komandamız isə daha çox xəbərçilik prinsipini qoruyurlar. Bu isə daha bir uğurdur. Agentliyin başında mənim dayanmağıma baxmayaraq, komandamız bunu həm də özününkü hesab edir. Uğurumuzun ən önəmli səbəbi isə tərəfsiz xəbərçilikdir. Bu gün Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq, əsas mətbu orqanlar APA-nın istifadəçisidir. Bu da öz növbəsində mənim qeyd etdiklərimi bir daha təsdiq edir.
- Yeni media növləri köhnə vasitələri sıradan çıxarırmı? Hansı media vasitəsi daha çox dəbdədir?
- Bu, istənilən sahədə belədir. Əvvəlcə qəzetlər media olaraq dəbdə idi. Daha sora radio yarandı. Radio qəzetləri media olaraq sıradan çıxara bilməsə də, daha cəlbedici oldu. Sonra televiziya yarandı və radiodan daha cəlbedici görünməyə başladı. İndi internet zamanıdır. İnternet bütün vasitələrdən daha cəlbedicidir. Ancaq bilmirik ki, texnologiya hansı şəkildə inkişaf edəcək və bizim qarşımızda hansı sürprizlər olacaq. Televiziya yarananda heç kəs düşünə bilməzdi ki, internet yaranacaq və televiziyanı demək olar ki, sıradan çıxaracaq. Hər vasitənin öz yeri, öz funksiyası var.
- Azərbaycanda kifayət qədər media qurumlarının, televiziya, radio, xəbər agentliklərinin olduğu bir vaxtda APA yarandı və böyük sıçrayışla önə keçməyi bacardı. Bizdə belədir ki, bir media qurumu müəyyən bir vaxtda çox populyar olur, sevilir, önə keçir və qəfildən də dəbdən düşür. APA-nın “dəbdən düşmək” təhlükəsi varmı?
- Bütün media qurumlarının öz dövrü var. Bu 90 il də ola bilər, 10 il də, 60 il də, 3 il də. Məsələn, Amerikada minlərlə yeni media qurumu yaransa da, “Vaşinqton Post” və “Nyu York Tayms” öz aktuallığını qoruya bilib. Türkiyədə yeni media qurumları yaransa da, “Hürriyyet”, “Milliyyet” hələ də öz yerindədir. Ancaq Türkiyədə son illərdə “HaberTürk” yarandı və həm qəzet, həm televiziya olaraq illərin mediasının önünə keçə bildi. Təbii ki, hər şey kadr potensialına və resurslara bağlıdır. Bizim kollektivdə arxayınçılıq, “biz APA-yıq, biz lider informasiya agentliyiyik, bizim çiynimizin arxasında heç bir nəfəs yoxdur” kimi fikirlər yoxdur. Mən kollektivimizin arxayınçılığını dağıtmaq üçün alternativ qurumlar yaratdım. Biz “lent.az” və “vesti.az” qurumlarını bu səbəbdən yaratdıq. Populyarlığın daim bizə məxsus olması üçün öz rəqiblərimizi də özümüz yaratdıq. Bütün yeni layihələrimiz də bu məqsədə xidmət edir ki, biz gündəmdə qalaq və liderliyi qoruyaq. Heç vaxt rəqiblərimizin olduğunu unutmuruq.
- Rəqiblərdən söz düşmüşkən, ölkə mətbuatında APA-ya rəqib qurum varmı?
- Mən ölkədə özünü ən böyük informasiya agentliyi hesab edən qurumdan tutmuş, ən kiçik informasiya agentliyinə qədər bütün qurumları APA-nın rəqibi hesab edirəm.
- Rəqibləriniz bacarıqlı rəqib ola bilirmi? Yəni APA ilə rəqabət apara bilirlərmi?
- Bunu deyə bilməyəcəm. Bunu gərək kənardan desinlər.
- İstərdim ki, sizin layihələrdən, daha doğrusu, son və ən uğurlu layihələrinizdən olan “kulis.az”dan danışaq.
- Bu saytı yaratmağı təxminən 6 ay bundan əvvəl düşünmüşdüm. O zaman “abzas.net” yarandı və biz kulis.az-ın yaranmasını bir az ləngitdik. İnternetdə fəaliyyət göstərən bu cür layihələr daha çox inersiya ilə fəaliyyət göstərir. Yəni siz yazını yazıb göndərirdiniz və bu yazını sayta qoyurdular. Burda bir sistemli iş, redaksiya işi yox idi. Ədəbiyyat və mədəniyyət elə bir sahədir ki, onlarla bağlı layihə yaratmağa dəyər. Mən heç vaxt Azərbaycandakı siyasi partiyalarla bağlı bir layihə düşünmərəm. Çünki Azərbaycanda bu tip şeylər mövsümidir. Olur da, olmur da. Ancaq xalq, yəni Azərbaycan xalqı nə qədər varsa, onun mədəniyyəti və ədəbiyyatı da var. Daimi şeylərlə bağlı layihə yaratmaq olar. Mən heç vaxt mövsümi layihələrin tərəfdarı deyiləm. Bu gün daha irəli düşüncəli, daha avanqard gənclik yaranıb. Bu artıq “90-cılar” ədəbi nəsli deyil. Ədəbi mətbuatda da, siyasi mətbuatda da daha çox oxunan, daha çox müzakirə olunan, etiraf edək ki, bu gənclərdir. Ancaq bu gənclər heç biri öz əsas işi ilə məşğul deyildi. Müəyyən siyasi mətbuatda yazsalar da, ədəbiyyatla məşğul olmağa vaxt ayıra bilmirdilər. Bunun çox sadə səbəbləri də vardı. Onların yaşamağa, ailə dolandırmağa, müəyyən qazanc əldə edib mövcudiyyətlərini qorumağa ehtiyacları var idi. Bu baxımdan da onlara hansı sahədə maaş verilirdisə, həmin sahədə işləməyə məcbur idilər. Bir insanın mədəniyyət adamı, ədəbiyyatçı olmasından əvvəl pul qazanmaq və ailəsini dolandırmaq ehtiyacı var. Məhz buna görə biz düşündük ki, bu gənclərin ədəbiyyatla məşğul olmağa, bu məşğuliyyətlərindən pul qazanmaqlarına ehtiyac var. Bu səbəbdən də biz istədik ki, onlar üçün yeni bir iş yeri yaradaq, normal maaş, normal qonorar verək.
- “Kulis.az”da yazan müəlliflər, ədəbiyyatla məşğul olan gənclər haqqında nə düşünürsünüz?
- Bu gün bizdə belə bir düşüncə formalaşıb ki, ədəbiyyat adamları dünyaya çıxmaq, Nobel mükafatı kimi yüksək ədəbi mükafatları əldə etmək üçün dövlətçilik əleyhinə nə isə yazmalı, nə isə etməlidir. Mən bununla razı deyiləm. Bu yaxınlarda “Eurovision” müsabiqəsində qalib gələn gənclər sübut etdilər ki, dövlətçiliyimizin əleyhinə getmədən də ölkəyə mükafat gətirmək mümkündür. Bizdə kifayət qədər yenilikçi, intellektual gənc yazarlar var. Əgər biz onlara şərait yaratsaq, mane olmasaq, siyasi oyunlara çəkib kirlətməsək, onlar ədəbiyyatımızı dünyada layiqincə təmsil edib, ölkəyə Nobel mükafatını da gətirə bilərlər. Yetər ki, biz onlara mane olmayaq. Gənc yazarlar müasir texnologiyaları, müasir ədəbiyyatı, müasir dünyanı yaxşı bilirlər. Çünki özləri də müasir insanlardır. Düşündük ki, bu cür gəncləri bir araya gətirmək, bir ocaq yaratmaq lazımdır. “Kulis.az”ı da məhz bu məqsədlə yaratdıq. Mən bilirəm ki, “kulis.az”dan yaxın vaxtlarda böyük reklam layihələri əldə etmək mümkün deyil. İstədik ki, Azərbaycan ədəbiyyatında bir qaynarlıq yaransın. Gənclərimiz yaşlı nəsillə diskusiya edə bilsin. “60-cılar” ədəbi nəsli də belə yaranıb. Onlar özlərindən əvvəlki ədəbi nəsli tənqid elədi, bu ədəbi nəsillə diskusiyalara getdi, yaşlı nəsil səbirli davrandı və nəticədə “60-cılar” ədəbi nəsli yarandı. Bu gün qəbul eləsək də, eləməsək də ədəbiyyatımızda bizdən əvvəlki nəsil - “60-cılar” ədəbi nəsli var. Biz onlara istinad edirik. Bundan sonra gələn ədəbi nəsillərin ən gənclərinə - “90-cılar”a və ondan sonra gələn nəsilə yardım eləmək, onlara bir ocaq yaratmaq, şərait qurmaq bizim borcumuzdur.
(davamı var)
Müəllif: Cəlil CAVANŞİR, Mərkəz qəzeti